Arxiv
Dövlət Sərhəd Xidmətinin rəisi AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub
21.02.2018

     Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub.

     Əvvəlcə Parkın rezidentləri – təcrübə-sənaye zavodunun və “Millers-Oils Azərbaycan” MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Sonra pilotsuz uçuş aparatlarının istehsal sahələri, Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası və radio ekoloji monitorinq sistemi ilə yaxından tanışlıq olub. Sonra qonağa Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, gələcək inkişaf planları, ayrı-ayrı rezidentləri haqqında ətraflı məlumat verilib.

      Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafında dövlət qayğısından danışıb, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamına əsasən Yüksək Texnologiyalar Parkının yaradılması bunun bariz nümunəsidir. Akademik iki dövlət qurumu arasında əməkdaşlığın perspektiv üçün önəm daşıdığını vurğulayıb.

     DSX rəisi, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə görülmüş işlərdən bəhs edib. E.Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, gələcəkdə bu istiqamətdə işbirliyinin uğurla davam edəcəyinə əminliyini bildirib.

      AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılmasının vacibliyini bildirib.

      Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib.

     Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin nümayəndəsi Ayaz Məmmədli, “Azeltech” MMC-nin direktoru Samir Süleymanov və “DN Technologies” MMC-nin nümayəndəsi Ceyhun Nabadov təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatla çıxış ediblər.