Arxiv
Vüqar Babayev: "Saxta sənaye və mühərrik yağları istehsalının qarşısının alınması istiqamətində əməli tədbirlər görülməlidir"
27.02.2018

      Bu gün AMEA-da sənaye və mühərrik yağları sahəsində tədqiqatlarla, yüksək keyfiyyətli yağların əldə edilməsi istiqamətində 4 elmi müəssisə – Neft Kimya Prossesləri, Aşqarlar Kimyası, Qeyri-üzvi Kimya və Polimer Materialları institutları fəaliyyət göstərir. Bu qurumların elmi potensialı əsas etibarilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin nəticəsi olaraq keyfiyyətli yağların əldə edilməsinə istiqamətlənib.  

     Bu barədə məlumatı AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru,  aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev verib. Onun sözlərinə görə, 2013-2018-ci illərdə AMEA-da bu istiqamətdə yerinə yetirilən innovativ layihələr çərçivəsində elmtutumlu istehsalın gücləndirilməsi, sənayedə elmin rolunun artırılması və bir sıra strateji əhəmiyyətli məhsulların respublikaya idxalının qarşısı alınaraq onların elmi əsaslarla yerli istehsalı təşkil edilib.

    Prezident İlham Əliyevin imzaladığı 8 noyabr 2016-cı il tarixli Sərəncama əsasən, AMEA Təcrübə Sənaye Zavodunun (TSZ) bazasında Yüksək Texnologiyalar Parkının yaradılması elm ictimaiyyəti üçün vacib hadisə olmaqla yanaşı, müasir elm və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə olan dövlət dəstəyi kimi qiymətləndirilir.

     Qısa müddət ərzində alim və mütəxəssislərin iştirakı ilə “AMEA Təcrübə Sənaye Zavodu” MMC-də onlarla yeni adda sürtkü materiallarının yerli xammal əsasında xarici analoqlarını bir çox əsas göstəricilərinə görə üstələyən yeni nəsil sürtkü materiallarının istehsalına başlanılıb. TSZ “Ekstremal aşağı temperatur şəraitində işləyən sürtkü materiallarının alınması üsuluna və “Yüksək sürətli lokomotivlərin dartı reduktorlarında işlədilən yarımmaye sürtkü materialının alınması üsulu”na aid patentlər alıb. Zavodda 2013-2018-ci illər ərzində bir sıra yeni məhsulların istehsal texnologiyaları mənimsənilib, normativ-texniki sənədləri işlənib hazırlanıb və həmin məhsulların kütləvi istehsalına başlanılıb.

     “AMEA Təcrübə Sənaye Zavodu” MMC-də keçirilmiş audit yoxlamalarının nəticələrinə görə, beynəlxalq standartlar üzrə bir sıra sertifikatlara layiq görülüb. Paralel olaraq əsas fəaliyyəti müxtəlif texnikalar üçün yeni nəsil yüksək texnoloji yağlar istehsal etməkdən ibarət olan “Millers Oils Azerbaijan” MMC şirkəti 2017-ci ildə “Millers Oils” Ltd (Böyük Britaniya) və AMEA-nın “Elm və Texnologiya Parkı” MMC şirkətlərinin təsisi etdiyi birgə müəssisəsi kimi fəaliyyətə başlayıb. Hazırda bu şirkətin “Tədqiqat və inkişaf mərkəzi”ndə ən son texnologiyalardan istifadə edərək layihələşdirilmiş bir sıra dünya standartlarına uyğun keyfiyyətli məhsullar istehsal edilir.

     “Millers Oils” Ltd şirkəti 1887-ci ildə Böyük Britaniyada Qərbi Yorkşirdə təsis edilərək, yerli toxuculuq sənayesini yüksək keyfiyyətli sürtkü yağları ilə təchiz etməyə başlayıb. Şirkət bu gün çoxsaylı mükafatlara layiq görülmüş yüksək keyfiyyətli brend sürtkü yağlarını və yanacaq təmizləmə məhlullarını dünyanın 50-dən artıq ölkəsinə satır. 2017-ci ilin noyabr ayından fəaliyyət göstərməyə başlayan Yüksək Texnologiyalar Parkının rezidenti “Millers Oils Azerbaijan” MMC şirkəti yüksək keyfiyyətli transmissiya, sənaye və mühərrik yağlarının istehsalına başlayıb.

     Son bir il ərzində respublikada sənaye və mühərrik yağları istehsal edən bir neçə müəssisə fəaliyyətə başlayıb və qısa müddətdə onlarla çeşiddə strateji əhəmiyyətli məhsul istehsal edilərək satışa çıxarılıb. Bu, ölkəmizdə iqtisadiyyatın inkişafı üçün ilk baxışdan yaxşı göstərici hesab edilir. Lakin yalnız normativ-texniki sənədlər və resepturlar əsasında geniş laboratoriya-stend sınaqları ilə məhsulların keyfiyyəti yoxlanıldıqdan sonra və alınan müsbət rəyə uyğun olaraq onların kütləvi istehsalına icazə verilməlidir.

     Hazırda bu prosedurların həyata keçirilməsi icbari xarakter daşımadığı üçün yeni yaranmış irili-xırdalı yerli müəssisələrin təklif etdikləri yağların keyfiyyəti alıcılarda haqlı olaraq bir sıra şübhələr və narazılıqlar yaradır. Respublikamızda yağların istehsalı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsulların keyfiyyətinə obyektiv nəzarəti təmin etmək məqsədilə müvafiq texniki komitə və ya elmi-ekspertiza şurasının yaradılmasına ciddi ehtiyac vardır. 

     Ölkəmizdə sənayə və mühərrik yağlarının keyfiyyətinə nəzarət etmək hüququna malik akkreditasiya edilmiş nadir laboratoriyalardan biri də AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “AMEA Təcrübə-Sənayə Zavodu” MMC-yə məxsusdur. Görülən bütün bu işlər Azərbaycanda artıq ciddi problemə çevrilmiş saxta  və keyfiyyətsiz sənaye və mühərrik yağlarının istehsalının qarşısının alınmasına yönəlib.

http://science.gov.az