Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM, ingiliscə STCU) 2018-ci il üçün iqtisadiyyat, hüquq və siyasi elmlər üzrə doktorluq tədqiqat qrantı elan edir.
Tədqiqat kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarının inkişafının qarşısının alınması, strateji ticarət nəzarəti, milli və beynəlxalq ticarət nəzarəti sistemləri kimi sahələri əhatə edir.
Proqramda Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova universitetlərində magistr dərəcəsi almış sosial elm sahəsindəki dissertantlar (vətəndaşlığından asılı olmayaraq) iştirak edə bilərlər. Müraciət etmək istəyənlər Avropa Birliyinin (AB) universitetlərinin Ph.D. proqramında qeydiyyatdan keçməli və iki elmi rəhbər seçməlidir. Onlardan biri hər hansı AB universitetində qeydiyyatdan keçmiş və elmi dərəcəsi olan, digəri isə UETM-i əhatə edən ölkədə elmi dərəcəyə sahib olan şəxs olmalıdır.
UETM Xüsusi Araşdırmalar Fondu doktorluq tələbəsinə 2018-ci ilin sentyabr ayından başlayan dörd illik müqavilə təklif edir. Müqavilənin başlanğıc tarixi ərizəçinin tələbi ilə dəyişdirilə bilər. Müqavilə noyabr ayından gec olmayaraq imzalanmalıdır.
Tədqiqat üçün lazım olan büdcə qiymətləndirilməli və müraciətdə təqdim edilməlidir.
Ərizə üçün lazım olan bütün məlumat və sənədlər ingilis dilində [email protected] elektron poçtu ilə UETM-ə göndərilməlidir.
Müraciətlər mayın 15-dək qəbul olunur.
Daha ətraflı məlumatı http://www.stcu.int/news/index.php?id=476 linkindən əldə etmək mümkündür.