Arxiv
Botanika İnstitutunda “SABAH” qruplarının tələbələri ilə görüş keçirilib
10.04.2018

      Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıq və işgüzar münasibətlər ümumilikdə təhsil sisteminə olduqca müsbət təsir göstərir, elm və təhsilin inteqrasiyası prosesində əsas hərəkətverici qüvvələrdəndir. AMEA-nın tabeliyində olan qurumlarda Universitet tələbələri və magistrlərin təcrübə keçmələri, müxtəlif maarifləndirici görüşlərin təşkili, baza kafedralarının fəaliyyət göstərməsi, elmi-tədqiqat mübadilələrinin genişləndirilməsi tədris prosesində elmiliyin artırılması istiqamətində görülən mühüm işlərdəndir.

      Bu baxımdan AMEA Botanika İnstitutu da əməkdaşlığın davamlı, uzunmüddətli və hərtərəfli inkişafı istiqamətində böyük töhfə verir. Bakı Dövlət  Universitetinin Biologiya müəllimliyi ixtisası üzrə II kurs  SABAH qrup tələbələri Botanika İnstitutunda oldular. Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dos. Rəşad Səlimov tələbələrlə İnstitutun fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri, beynəlxalq əlaqələri haqqında söhbət aparıb, onları mövcud olan elmi mühit və təcrübədən yararlanmağa dəvət edib.

      Bu görüşdə tələbələr botanika fənninin tədrisi zamanı əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirmək məqsədilə mütəxəssislərin müşayiətilə laboratoriyalardakı müasir avadanlıqlarla tanış olublar. Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani tələbələrə Azərbaycanın zəngin bitki müxtəlifliyi, onun qorunmasında və tədqiqində İnstitutun Herbari Fondunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, Respublikada 135 fəsilə 1065 cinsi əhatə edən 600.000-ə yaxın nüsxədən ibarət Qafqazda ən mühüm hesab edilən zəngin herbari kolleksiyası Botanika İnstitutunda saxlanılır. Son 10 ildə İnstitutun beynəlxalq əlaqələri çərçivəsində infrastrukturu müasirləşdirilən Fondda  saxlanılan bəzi tarixi nüsxələr də tələbələrə göstərilib, herbari nümunələrinin rəqəmsallaşdırılaraq Avropa Virtual Məlumat Bazasına daxil edilməsi nümayiş etdirilib.

      Alqalogiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarova tələbələri ibtidai bitkilərə aid nümunələrin saxlandığı İnstitutun alqotekası ilə tanış edib. Qeyd edib ki, bu herbaridə Azərbaycanın Xəzəryanı bölgələrinin diatom və göy-yaşıl yosunlarına aid 1600, şibyələrə aid 830 və mamırlara aid 378 növ tədqiq edilərək saxlanılır. Laboratoriyanın aparıcı elmi işçisi,b.ü.f.d. Aygün Babanlı tələbələrə şibyə və mamırların quruluşu, təsnifatı, filogeniyası, təkamülü və s. haqqında geniş məlumat verib.