Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) Avropa və Asiya üzrə aparıcı eksperti, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə İsveçrənin Bern şəhərində elmi ezamiyyətdə olmuşdur. Səfər İsveçrə Biomüxtəliflik Fondu tərəfindən Bern şəhərində keçirilən Pan-Avropa üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısı çərçivəsində baş tutmuşdur.
Həmçinin, Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov gənc mütəxəssislərdən ibarət qlobal qiymətləndirmə üzrə ekspert qrupunun üzvü olaraq həmin tədbirdə iştirak etmişdir.
Bioloji müxtəlifliyin mühafizəsinə istiqamətləndirilmiş yüksək səviyyəli beynəlxalq tədbirin məqsədi cari ilin mart ayında Kolumbiyanın Medellin şəhərində qəbul edilmiş Avropa və Mərkəzi Asiya üzrə İPBES regional hesabatının təqdim edilməsi, onun yerinə yetirilməsi mexanizmləri və Qlobal Qiymətləndirmənin 2-ci oxunuşu üzrə müzakirələrin aparılmasından ibarət olmuşdur.