Arxiv
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin büstü ziyarət olunub
20.07.2018

     İyulun 20-də AMEA-nın Botanika İnstitutunda 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

     Əvvəlcə Mətbuat Şurasının və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təmsilçiləri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Botanika İnstitutunun həyətində yerləşən büstünü ziyarət edib, önünə əklil qoyublar.

     Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yaradılmasının 143 ilini geridə qoyan mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb, əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib. O, milli mətbuatımızın bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu qeyd edib.

     “Əkinçi” qəzetinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan danışan Ə.Amaşov ümumilikdə 56 sayı çap olunan bu nəşrin sonradan milli qəzetlərin yaranmasına böyük təkan verdiyini diqqətə çatdırıb. Bildirib ki, “Əkinçi”nin maarifçilik ideyaları öz davamını “Kəşkül”, “Ziya”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi dövrün tanınmış nəşrlərində tapıb. Bu mətbu orqanlar vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılıb. 

     Ə.Amaşov, həmçinin müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən də söz açıb. Şura sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuatın mövcud olduğunu, hazırda müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

     Daha sonra Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəhbəri Əziz Əliyev çıxış edərək Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini vurğulayıb. O, toplantı iştirakçılarını milli mətbuatın yaranmasının 143-cü illiyi münasibətilə təbrik edib, Zərdabinin maarifçilik xəttinin qorunmasından məmnunluğunu dilə gətirib.

     Mərasimdə ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri, o cümlədən science.az portalının və Elm TV-nin əməkdaşları da iştirak ediblər.

http://science.gov.az