Arxiv
Bolqarıstan Elmlər Akademiyasının sədri İnformasiya Texnologiyaları İnstitutu ilə tanış olub
26.09.2018

     AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Əsas məqsəd institut ilə tanışlıq və müvafiq istiqamətlərdə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

     Öncə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqları institutda yaradılmış innovativ şəraitlə yaxından tanış edib.

     AzScienceNet-in Verilənlərin Emalı Mərkəzində qonaqlara Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet haqqında məlumat verilib. Bildirilib ki, bu şəbəkə vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hosting, Eduroam, IP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.

     Diqqətə çatdırılıb ki, AzScienceNet elm kompüter şəbəkəsi 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunub. Əsas məqsəd Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsini təmin etmək, eləcə də Azərbaycanın ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrini gücləndirməkdir.

     Sonra qonaqlar institut daxilində keçirilən tədbirləri işıqlandıran və dünyada İKT sahəsində baş verən yenilikləri təqdim edən institutun daxili İnternet televiziyası – “İnfo TV”, eləcə də institutun konfrans zalları və “İnternet Kafe” ilə tanış olublar.

     İnstitutun Tədris-İnnovasiya Mərkəzi (TİM) haqqında qonaqlara məlumat verən akademik R.Əliquliuyev bildirib ki, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirilir.

     Alim TİM-də fəaliyyət göstərən Distant Tədris Mərkəzinin ölkənin və dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən videokonfrans sistemi vasitəsilə distant mühazirələr dinləməsi, onlayn seminar və konfransların keçirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söyləyib.

     Qonaqlara institutda ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd olunub ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyası quraşdırılıb. Burada resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur.

     Bundan əlavə, BEA-dan olan nümayəndələr “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, əsasən Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlərlə də tanış olublar.

     Akademik Rasim Əliquliyev bildirib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Alim Akademiyada magistratura pilləsinin yaradılmasını bu sahədə əldə olunan ən mühüm nailiyyətlərdən biri kimi qiymətləndirib.

     İnstitutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verən akademik informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan danışıb. Qeyd edib ki, institutda informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil və s. istiqamətlərdə araşdırmalar aparılır.

     Sonra çıxış edən akademik Yulian Revalski rəhbərlik etdiyi qurumun İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu haqqında məlumat verib. Bildirib ki, bu elmi müəssisədə Big data və superkompüter texnologiyaları, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi və digər prioritet istiqamətlərdə elmi tədqiqatlar aparılır.

     Qonaq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə BEA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb, birgə kadr və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını deyib.

     BEA-nın prezidenti institutda yaradılmış innovativ şəraiti, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib, müvafiq istiqamətlərdə elmi əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.