Arxiv
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
26.09.2018

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) ilə tanış olub.

     Monqolustan Prezidentinə bu qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib.

     Bildirilib ki, ölkə  Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılan YT Park elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə verməyi qarşısına məqsəd qoyub. YT Parkın əsas fəaliyyət istiqamətləri elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.

     Diqqətə çatdırılıb ki, parkda müxtəlif mühərrik, kompressor və hidravlik yağlar, plastik sürtkü materialları kimi təqribən 60 adda innovativ məhsul istehsal olunur. Bu məhsullar xaricdən idxal olunanlardan keyfiyyətcə qat-qat üstündür. Eləcə də “Zavod elmi-tədqiqat sınaq laboratoriyası”nda Yüksək Texnologiyalar Parkında istehsal edilən məhsulun, xammalın və yarımfabrikatların keyfiyyətinə nəzarət olunur.

     Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanışlıqdan məmnun qaldığını bildirib.

http://science.gov.az/news/open/8756