Noyabrın 3-də və 4-də Göyçayda XIII Nar festivalı keçirilib.
Böyük təntənə və coşqu ilə keçirilən builki Nar festivalında xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların əməkdaşları, yerli və xarici iş adamları ilə yanaşı, AMEA nümayəndə heyəti də iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirakçıları salamlayaraq, nar bayramı münasibətilə onları təbrik edib, narçılığın bölgədə təsərrüfatın ənənəvi sahələrindən biri olduğunu, əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonra rəngarəng bayram konserti olub.
Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib.
Qeyd edək ki, hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.
Festival noyabrın 4-də başa çatıb.