Arxiv
AMEA-nın elmi müəssisə və təşkilatlarına aid veb-saytların monitorinqinin nəticələri açıqlanıb
04.12.2018

     Məlumdur ki, AMEA Rəyasət Heyəti 15 iyul 2015-ci il tarixdə “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında” qərar qəbul etmişdir. Qərara əsasən, Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində akademiyanın veb-strukturu və onun əhatə etdiyi veb-saytların monitorinqinin həyata keçirilməsi İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır.

     AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev akademiyanın elmi qurumlarının veb-saytlarının cari il üzrə monitorinqinin nəticələrinə dair çıxış edib.

     Alim AMEA-nın monitorinqə cəlb olunmuş 55 elmi müəssisə və təşkilatından 48-nin veb-saytının olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ilin fevral-iyun aylarını əhatə edən monitorinqə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərindən ibarət qrup cəlb olunub. Monitorinq çərçivəsində akademiyanım elmi müəssisələrinə məxsus bir sıra veb-saytlar dizayn, proqram təminatı, xəbərlərin dinamikası, informasiyanın dolğunluğu və aktuallığı daxil olmaqla, 16 bənddən ibarət meyarlara əsasən təhlil edilib, qiymətləndirilmə aparılıb.

     Sonra R.Əliquliyev veb-saytların ünvanlarının domen zonaları üzrə paylanması, ünvanların təşkilatın adına və fəaliyyətinə uyğunluğu, bu resursların axtarış sistemi, təhlükəsizliyi, xəbərlərin yenilənməsi, statistika sayğacları və digər meyarlar üzrə nəticələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

     Alim AMEA-nın rəsmi veb-portalı olan sicence.gov.az-ın qiymətləndirmə zamanı qarşıya qoyulan 16 tələbin hər birinə cavab verdiyini nəzərə çatdırıb. Əlavə edib ki, bu portal AR Prezident Administrasiyasının apardığı monitorinqin nəticələrinə görə də dövlət qurumlarının saytları arasında ön sıralarda yer alıb.

    Akademik-katib çıxışının sonunda veb-saytların yaradılması və idarə edilməsinə dair bir sıra təklif və tövsiyələrini səsləndirib. O, akademiyanın veb-saytı olmayan elmi müəssisə və təşkilatlarının müasir tələblərə cavab verən veb-saytlarının yaradılmasının, onların az domen zonasında yerləşdirilməsinin, eləcə də veb-saytların veb-analitikasının aparılması üçün “Google Analytics” sayğacından istifadə edilməsinin vacibliyini vurğulayıb.

     “AzScienceNet şəbəkəsinin GEANT-a qoşulması çoxdillilik tələb edir” – deyən R.Əliquliyev bu məqsədlə veb-saytların 3 dildə (Azərbaycan, ingilis, rus) yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

     Alim, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili üçün müvafiq seminar və treninqlərin keçirilməsinin vacibliyini qeyd edib.

http://science.gov.az