Arxiv
Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
17.12.2018

     Dekabrın 17-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq elmi konfrans keçirilib.
     Konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən olan alimlər də iştirak ediblər.
     Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
     Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin zəngin elmi fəaliyyətindən, biologiya elminin inkişafına verdiyi töhfələrdən bəhs edib, onun kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. Onun rəhbərliyi ilə yeni fundamental elmi-tədqiqat işləri təşkil edilib və akademikin elmi yaradıcılığının əhəmiyyətli hissəsi taxılçılığın inkişafına yönəlib.
     AMEA rəhbəri qeyd edib ki, ölkəmizdə elmi-praktiki əsaslar üzərində qurulan bitki seleksiyası sahəsində qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. Alimin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. O, ilkin seleksiya nailiyyətlərinin təsərrüfatlara sürətlə tətbiqini təşkil etmək üçün elmlə istehsalatın sıx əlaqəsini yaratmağa müvəffəq olub.
     “Akademik Cəlal Əliyev Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın və gen biotexnologiyasının inkişafının əsasını qoyub” – deyən A.Əlizadə onun akademiyanın elmi əlaqələrinin inkişafında da mühüm rolu olduğunu qeyd edib.
     Diqqətə çatdırılıb ki, Cəlal Əliyev hələ keçmiş sovetlər dövründə nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edərək ən son yenilikləri öz elmi axtarışlarında tətbiq edib. Məhz onun səyi nəticəsində ölkəmizdə fotosintez sahəsində böyük uğurlara imza atılıb.
     AMEA-nın prezidenti Akif Əlizadə görkəmli alimin yüksək insani keyfiyyətlərindən də söhbət açıb.
     Sonra Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək akademik Cəlal Əliyevin öz fundamental araşdırmaları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verdiyini və bu əlaqələrin artıq ciddi əməkdaşlıq müstəvisinə keçdiyini bildirib.
     Nazir çıxışında sentyabr ayında akademiya ilə nazirlik arasında imzalanan sazişə də toxunaraq, bu sənədin kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həllinə yönəldiyini qeyd edib. Bildirib ki, imzalanan sənəd yüksək peşəkarlığa malik kadrların hazırlanması və birgə tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradır. Belə tədbirlərdən biri də akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunmuş hazırkı beynəlxalq konfransdır.
     Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, akademik Cəlal Əliyevin 90 illik yubileyinin respublikada geniş şəkildə qeyd olunduğunu deyən İ.Kərimov yubileylə bağlı rəhbərlik etdiyi qurumda da xüsusi tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, ötən müddət ərzində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU), Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Cəlal Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib, ADAU-da görkəmli alimin adını daşıyan Bitki fiziologiyası laboratoriyası yaradılıb. Həmçinin nazirliyin “Aqrar elm” jurnalının və “Kənd həyatı” qəzetinin bir sayı akademikin elmi və ictimai-siyasi fəaliyyətinə həsr edilib.
     Diqqətə çatdırılıb ki, akademik Cəlal Əliyev fundamental araşdırmaları ilə Azərbaycanda aqrar elmin yeni istiqamətlərini müəyyənləşdirib. Alimin əldə etdiyi nəticələrin tətbiqi aqrar elmin dayanıqlı inkişafına səbəb olub və bu tədqiqatlar məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
     “Cəlal Əliyev ömrünü yalnız elmi yaradıcılığa həsr etməyib. O, aqrar elmlər sahəsində 260-a yaxın yüksək ixtisaslı mütəxəssis yetişdirib” – deyə bildirən nazir bu gün alimin yetirmələrinin dünyanın müxtəlif tədqiqat mərkəzlərində və təhsil müəssisələrində uğurla çalışdığını, onun davamçılarının Azərbaycan elminin nailiyyətlərinin tanıdılması üçün təqdirəlayiq işlər gördüyünü qeyd edib.
     İnam Kərimov akademik Cəlal Əliyevin fəaliyyətinin xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini, onun elmin inkişafında böyük xidmətlərinə görə ən ali mükafatlar olan “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunduğunu bildirib.
     AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov böyük alimin çoxşaxəli və genişmiqyaslı fəaliyyətindən, elmi təşkilatçı kimi gördüyü işlərdən danışıb. O, akademik Cəlal Əliyevin Azərbaycanda multidissiplinar elmi istiqamətin əsasını qoyan alim olduğunu vurğulayıb.
     Ə.Əmiraslanov qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə bioinformatika məktəbinin əsası qoyulub. Hazırda alimin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.
     Daha sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova dünya şöhrətli seleksiyaçı alim Cəlal Əliyevin həyat yolundan və elmi yaradıcılığından ətraflı söz açıb. Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini bildirən İradə Hüseynova müəlliminin Azərbaycan elmindəki misilsiz xidmətlərindən danışıb. O, akademik Cəlal Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşadığını və onun elmi ideyalarının tələbələri tərəfindən layiqincə həyata keçirildiyini nəzərə çatdırıb.
     Akademik İ.Hüseynova bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolu olduğunu deyib. Qeyd edib ki, ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən, yüzə yaxın elmi kadrlar hazırlamış görkəmli alimin dərin nəzəri bilikləri və ideyaları nəticəsində yeni buğda sortlarının yaradılmasına nail olunub. Onun nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrinin tətbiqi respublika iqtisadiyyatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edib. 
     Çıxışının sonunda İ.Hüseynova AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun yaradılmasının dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasında mühüm addımlardan olduğunu qeyd edib.
     Tədbirdə Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzə edib. Professor məruzəsində görkəmli alim Cəlal Əliyevin aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan bəhs edib.
     Sonra Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafatın təqdimatı olub.
     Konfransda akademiklər İsa Həbibbəyli, Teymur Bünyadov, Yaqub Mahmudov, Asəf Hacıyev, AMEA-nın müxbir üzvü Novruz Quliyev, Milli Məclisin deputatları Fəttah Heydərov, Eldar İbrahimov və digər çıxış edənlər akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb, böyük alimin tükənməz enerjisindən, əbədiyaşar elmi irsindən, biologiya elminin inkişafına verdiyi əvəzsiz xidmətlərdən danışıblar.  
     Alimin ailəsi adından çıxış edən Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyev akademik Cəlal Əliyevlə bağlı fikirlərini bölüşüb, elmə dəyərli töhfələr vermiş alimin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını bildirib.
     Tədbirin sonunda akademik Cəlal Əliyevə həsr olunan sənədli film nümayiş etdirilib.