Arxiv
Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 29-cu ildönümü anılıb
18.01.2019

     Bu gün AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları şəhidlərin  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

     Tədbiri İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq bildirib ki, 20 yanvar xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. V.Əlizadə: 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Həmin gün SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində 146 nəfər xüsusi amansızlıqla öldürülmüş, 744-ə yaxın insan yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Şəhid olanlardan 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı idi. Qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyev 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bildirmişdir.

     İnstitutun ümumi işlər üzrə direktor müavini İmran Babayev 20 yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqqamları xronoloji ardıcıllıqla təqdim edib.

      Tədbirdə b.ü.f.d. Oktay Mirzəyev, b.ü.f.d. Pərvanə Qaraxani, b.ü.f.d. Rəşad Səlimov və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi qiymətləndiriblər.

     Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.