AMEA Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti ictimai birliyinin (ABCİB) ilk Ümumi Yığıncağı keçirilib. Tədbiri Cəmiyyətin sədri, akademik Validə Əlizadə açaraq, iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. O, ictimai birliyin Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması ilə əlaqədar işlərin yekunlaşdığını bildirərək, “Azərbaycan Botaniklər Cəmiyyəti” ictimai birliyi adının təsdiq olunduğu, Nizamnaməsi 2-ci redaksiyada dövlət qeydiyyatına alındığı və təsisçi tərkibinin dəyişdiyi barədə danışıb.
Yığıncaqda Cəmiyyətin məsul katibi, AMEA-nın professoru Dilzarə Ağayeva üzvlük vəsiqəsinin formasını təqdim edib və üzvlüyə qəbul üçün müəyyən olunmuş qaydalar barədə məlumat verib.
Tədbirdə Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq illik yığıncaqların keçirilməsi, rəsmi internet səhifəsinin yaradılması və çap işlərinin formatı üzrə geniş müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü, prof. Elşad Qurbanov, b.ü.e.d Aydın Əsgərov, b.ü.e.d. Eldar Novruzov, b.ü.e.d. Vahid Fərzəliyev, b.ü.e.d., prof. Səyyarə İbadullayeva, b.ü.f.d. Esmira Əlirzayeva və b.ü.f.d. Rəşad Səlimov regionlarda gənc mütəxəssislərin inkişafına dəstək məqsədilə tədbirlərin təşkili və onların layihələrə cəlb edilməsi, həmçinin bitki müxtəlifliyinin qorunması məqsədilə əhali üçün maarifləndirici seminarların və botaniki turların təşkili məsələlərinə dair təklif və tovsiyələrlə çıxış ediblər.
Sonda gündəlikdə duran məsələlər səsə qoyularaq yekdilliklə qərar qəbul edilib.