Arxiv
Azərbaycanlı alim AMEA Botanika İnstitutunun qonağı olub
28.01.2019

       Recep Tayyip Ərdoğan Universitetinin (Türkiyə) professoru, b.ü.e.d. Vaqif Hətəmov AMEA Botanika İnstitutunun qonağı olub. Qeyd edək ki, yüksək ixtisaslı professor V. Hətəmov əmək fəaliyyətinə Botanika İnstitutunda başlamış, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək perspektivli bir alim kimi formalaşmışdır. O, 1978-1998-ci illər ərzində burada çalışmış və İnstitutun fəal tədqiqatçılarından biri kimi özünü göstərmişdir. Sonralar elmi tədqiqatlarını Turkiyədə davam etdirən həmkarımız doğma Botanika İnstitutu ilə əlaqəsini kəsməmiş, kadr hazırlığında iştirak etmişdir.

          İnstitutun direktoru, akademik Validə Əlizadə, elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov, Mikologiya  laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva və Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimovun iştirakı ilə keçən görüşdə qonağa İnstitutun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, keçirilən tədbirlər barədə ətraflı məlumat verilib və İnstitutun elmi fəaliyyətində, birgə layihələrində iştirak etməyə dəvət olunub. Həmçinin, Azərbaycan Botaniklər Cəmiyyəti ictimayi birliyinin son zamanlar fəaliyyətinin bərpası, qarşıya qoyulmuş hədəflər, xaricdə yaşayan botanik həmvətənlərimizin birliyin fəaliyyətinə cəlb edilməsi, qarşılıqlı görüləcək işlər geniş müzakirə edilib.

       Botanika İnstitutunun herbari və laboratoriyaları ilə tanışlıqdan sonra görülən işləri yüksək qiymətləndirən prof. V.Hətəmov qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanların yaradıldığını vurğulayıb.