Kembric şəhərində yerləşən Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası laboratoriyasının müdiri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, professor Qərib Mürşüdov ADA Universitetində “Molekulyar biologiyada hesablama metodlarının rolu” mövzusunda elmi seminar keçib.
Azərbaycanın elmi ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir akademik Roald Saqdeyevin moderatorluğu ilə baş tutub.
Q.Mürşüdovun məruzəsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məruzə ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, professor Qərib Mürşüdov “Nature”, “Science” və digər nüfuzlu jurnallarda dərc olunan yüzdən çox məqalənin müəllifidir. Azərbaycanlı alimin əsərlərinə istinadların sayı 32000-dən çoxdur. Onun laboratoriya müdiri olduğu Kembric Molekulyar Biologiya İnstitutu isə dünyada molekulyar tədqiqatlar sahəsində ən nüfuzlu institut hesab olunur. Hazırda institutda 14 Nobel mükafatçısı çalışır.
http://science.az/news/open/9981