Arxiv
Elm Gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb
27.03.2019

      Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.

      Elm Günü çərçivəsində keçirilən tədbirlər planına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsinin keçirilməsi barədə AMEA prezidenti tərəfindən sərəncam imzalanıb. Müsabiqədə AMEA-nın 35 magistrantı iştirak edib.

     Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi məqsədilə AMEA prezidentinin sərəncamı ilə Ekspert Komissiyası yaradılıb. Ekspert Komissiyası qiymətləndirmə zamanı bir sıra meyarları, o cümlədən tələbələrin DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında topladıqları balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunan elmi məqalələrini, təcrübə keçmədə iştiraklarını, elmi tədqiqat layihələrində, konfrans  və s. tədbirlərdə iştiraklarını nəzərə alıb.

      AMEA prezidentinin 15 mart 2019-cu il tarixli sərəncamı ilə “Magistr-2019” müsabiqəsinin qalibləri müəyyənləşdirilib. 

     “Magistr-2019” müsabiqəsinin nəticələrinə əsasən, I yerə Botanika İnstitutunun II kurs magistrantı Lalə İsgəndərova, II yerə İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı Zümrüd Məlikzadə və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Fidan Əlisoy, III yerə isə Geologiya və Geofizika İnstitutunun II kurs magistrantı Yusif Əliyev, Neft və Qaz İnstitutunun II kurs magistrantı Aysel Məmmədova və Genetik Ehtiyatlar İnstitutunun II kurs magistrantı Gülər İsmayılova layiq görülüblər.

     Tədrisdə və elmi fəaliyyətində fərqlənən daha 4 magistrant­­ - İdarəetmə Sistemləri İnstitutunun I kurs magistrantı Samir Məmmədov, Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantı Dünya Əliyeva, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun I kurs magistrantı Xədicə Rüstəmli və Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Sevinc Ramazanova həvəsləndirici mükafata layiq görülüblər.

     Sərəncama əsasən, I yerin qalibinə 1500 manat, II yerin qaliblərinə 1000 manat, III yerin qaliblərinə 500 manat, həvəsləndirici mükafata layiq görülən magistrantlara isə 250 manat məbləğində pul mükafatları və diplomlar təqdim ediləcək.