Arxiv
Doktorantura təhsili üzrə milli idarəetmə portalının təqdimatı olub
17.04.2019

     Aprelin 12-də “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi – “Nizami” layihəsinin yekunlarına həsr olunan tədbirdə doktorantura təhsili üzrə milli idarəetmə portalının təqdimatı keçirilib.

     İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə yaradılmış portalı AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d.  Esmira Əlirzayeva təqdim edib.

     O, bildirib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın əsas məqsədi mövcud məlumatlara əlyetərliliyin artırılması istiqamətində dövlət siyasətinə dəstək verilməsi və Azərbaycanda təhsil alan bütün doktorantlar haqqında məlumatların bir bazada cəmləşdirilməsidir. Sistemin Fransanın Monpelye Universitetində mövcud olan portal əsasında yaradıldığını deyən E.Əlirzayeva doktorant və elmi rəhbərlərin qeydiyyatdan keçərək məlumatlarını yerləşdirməsi prosesini izah edib.

     İdarə rəisi doktorantların hər il keçdikləri attestasiyanın nəticələrinin də sistemdə əksini tapacağını və dissertasiya müdafiəsindən sonra belə onlar haqqında məlumatların portalda saxlanılacağını bildirib.

     Qeyd olunub ki, burada ölkəmizdə doktorantura təhsil sistemi ilə bağlı mövcud rəsmi sənədlər, doktoranturaya qəbul olmaq iddiasında olan şəxslərin hüquq və vəzifələri haqqında məlumatlar yer alıb.

     E.Əlirzayeva bildirib ki, AMEA-nın bütün elmi qurumlarında bu portala məsul şəxslər fəaliyyət göstərəcək. Sistemin xaricdə təhsil almaq istəyən şəxslər üçün də nəzərdə tutulduğunu deyən alim portalda doktorantların işlə təmin olunması üçün imkanların təqdim edildiyini vurğulayıb.

     Sonda məruzəçi plagiatlığın qarşısının alınması və şəffaflığın təmin olunması üçün doktorantların avtoreferatlarının elektron variantlarının portalda yerləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib.

http://science.gov.az/news/open/10190