Mayın 10-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə İxtisaslaşdırılmış magistr dissertasiya müdafiə şuralarının sədrləri ilə görüş keçirib.
AMEA-nın Əsas binasında baş tutan tədbiri giriş sözü ilə akademik Akif Əlizadə açıb. Alim görüşün ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etdiyini bildirərək ulu öndərin elm və təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə elmin, təhsilin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilib. Ulu öndər elmə, alimlərə həmişə yüksək qiymət verib. AMEA-nın inkişafının böyük bir mərhələsi bu dahi şəxsiyyətin adı ilə birbaşa bağlıdır.
A.Əlizadə AMEA-da yaradılmış magistratura təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Yüksək ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, respublikamızın bacarıqlı mütəxəssislərə artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. Əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü gücləndirmək və AMEA-nın uğurlu inkişafında rollarını artırmaqdır.
Akademik A.Əlizadə rəhbərlik etdiyi qurumun tarixində ən mühüm yeniliklərdən olan magistratura pilləsinin kadr potensialının artırılması və ixtisaslaşma səviyyəsinin yüksəldilməsində böyük rol oynadığını diqqətə çatdırıb.
Alim bildirib ki, akademiyada həyata keçirilən magistratura təhsili ali məktəblərdən fərqlidir: “AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçərək elmin son nailiyyətləri ilə tanış olurlar, eyni zamanda dünya elmində gedən proseslərlə tanış olurlar".
Magistratura pilləsində kəmiyyət deyil, keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu deyən akademik məsul şəxsləri bu prosesdə fəal iştirak etməyə çağırıb. Bildirib ki, magistrantların hər birinə yüksək tələbkarlıqla yanaşılmalı, onlara dünya elminin tələblərinə cavab verən istiqamətlərdə tədqiqatlar aparmaları üçün dəstək göstərilməlidir. AMEA-nın prezidenti, həmçinin diqqətə çatdırıb ki, cari ildə 12 İxtisaslaşdırılmış magistr dissertasiya müdafiə şurasında 63 magistrantın müdafiəsi təşkil olunacaq.
Daha sonra doktorant və dissertantların minimum imtahanlarının nəticələrinə dair müzakirələr aparılıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Fizika institutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev və digərləri çıxış edərək AMEA-nın magistratura pilləsində mövcud olan problemlər və aradan qaldırılmasına dair təkliflərini səsləndiriblər.