“Xalq qəzeti”nin kollektivi, eləcə də Azərbaycanın çoxsaylı sadiq oxucuları nəşrin 100 yaşını sevinclə qeyd edirlər. Bir əsrlik şərəfli yol keçmiş qəzet bu dövr ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev hələ 1994-cü ilin avqust ayında demişdir: “Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.
Həqiqətən, “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında bu nəşrin xidmətləri əvəzsizdir.
Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı illərdə qəzetin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz olmuşdur. Ümumiyyətlə, uzun onilliklər boyu qəzet respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilmişdir. Qəzetin fəaliyyəti ilə sıx bağlı olan elm, ədəbiyyat və incəsənət adamları – Üzeyir Hacıbəyli, Səməd Vurğun, Məmməd Səid Ordubadi, Mir Cəlal, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Nəsir İmanquliyev, Sabit Rəhman, Ənvər Məmmədxanlı, Mustafa Topçubaşov, Mirəli Qaşqay, Abbas Zamanov, Əli Vəliyev, Xasay Vəzirov, İlyas Əfəndiyev, Nəbi Xəzri, Yusif Səmədoğlu və digər görkəmli ziyalılar uzun illər qəzetdə dərc olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşatmış, onun sağlam yöndə inkişafına ciddi təsir göstərmişlər.
Son 26 ildə “Xalq qəzeti” ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi islahatların və dövlət proqramlarının uğurla reallaşdırılmasının etibarlı və səmərəli informasiya təminatının yaradılmasında öz zəngin təcrübəsi ilə fəal iştirak edir. Bu, çox sevindirici faktdır.
Nəşrin sadiq oxucuları olan AMEA-nın çoxminli kollektivi adından “Xalq qəzeti”nin yaradıcı və texniki əməkdaşlarına seçdikləri doğru yolda mətin olmağı və ölkəmizin inkişafı naminə peşə fəaliyyətlərində uğurlar arzulayıram.
Akademik Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti