AMEA Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən cari ildə elan edilmiş “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin ikinci mərhələsi üzrə qalibi olub. Müsabiqənin məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.
Müsabiqəyə təqdim olunan “Böyük Qafqazın cənub-şərq hissəsinin meşə ekosistemlərinin öyrənilməsi” layihəsinə əsasən AMEA Botanika İnstitutunda Böyük Qafqazda (Quba rayonu) meşə ekosistemlərinin flora və bitkiliyinin müasir vəziyyəti müxtəlif antropogen amillərin və iqlim dəyişkənliyinin təsiri altında tədqiq ediləcəkdir.
11 sentyabr 2019-cu il tarixində “Azərkosmos” ASC rəhbərliyi müsabiqədən uğurla keçən 10 layihənin rəhbərləri və iştirakçıları ilə görüş keçirib. Görüşdə qalib layihələrin təqdimatı və müsabiqənin tələblərə uyğun olaraq əvvəlcədən qeyd olunmuş ərazinin “Azersky” peyki vasitəsi ilə çəkilmiş təsvirləri təmənnasız olaraq təmin edilmişdir.