Arxiv
İnstitutun aparıcı elmi işçisi Almaniyanın Bonn Universitetində elmi ezamiyyətdə olmuşdur
20.09.2019

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Məhəmmədrəhim qızı Rüstəmova  “AMEA alimlərinin Avropada postdoktoral elmi tədqiqatlarının tamamlanması” üzrə keçirilən müsabiqənin qalibi olmuş və 3 ay müddətində Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda (INRES) Bitki Genetikası və Biotexnologiyası Departamentində elmi ezamiyyətdə olmuşdur. S. Rüstəmova adı çəkilən departamentin Molekulyar Bridinq laboratoriyasında Dr. Ali Ahmed Nazın rəhbərliyi altında buğda genotiplərinin quraqlığa davamlılığa cavabdeh genlərinin ekspressiyasının tənzimlənməsində DREB transkripsiya faktorlarının rolunun öyrənilməsi ilə bağlı tədqiqat aparmışdır. Hal-hazırda bütün dünyada genlərin stres-spesifik tənzimlənməsinə cəlb olunmuş transkripsiya faktorlarının müəyyənləşdirilməsi və təsvir edilməsi istiqamətində ciddi tədqiqatlar aparılır. Transkripsiya faktorları gen mühəndisliyi üçün güclü alət hesab olunur, belə ki, onların ekspressiyası nəzarəti altında olan bütün genlərin tənzimlənməsinə gətirib çıxarır. S.M. Rüstəmova tədqiqatlar zamanı elm üçün maraqlı nəticələr əldə etmişdir.