Mərhum akademik C.Ə.Əliyev, akademiyanın vitse prezidenti I.M.Hüseynova, akademiyanın müxbir üzvü N.M. Quliyev və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.e.d. H.Q.Babayevin həmmüəllif olduqları C3 və C4 bitkilərin quraqlıq stresinə fizioloji-biokimyəvi adaptasiyası adlı monoqrafiya nəşr edilmişdir. Kitabda bitkilərdə quraqlıq və digər abiotik stres amillərinin təsirinə qarşı yaranan biokimyəvi adaptasiyanın öyrənilməsinə dair geniş orijinal materiallar və ədəbiyyat məlumatları ümumiləşdirilmişdir. Əsas diqqət fotosintez mexanizmlərinə görə fərqlənən ali bitkilərin toxumalarında və onların subhüceyrə fraksiyalarında stres zamanı karbonun və malatın metabolizmində iştirak edən fermentlərin aktivliklərinin subhüceyrə lokalizasiyasının, izoferment spektrlərinin, onların aktivliklərinin aktivator, inhibitor və bəzi aralıq metabolitlərlə tənzimlənməsinin, fiziki-kimyəvi və kinetik xassələrinin dəyişməsinin öyrənilməsinə yönəldilmişdir. Fermentlərin və köklərdə proton nasoslarının aktivliklərinin dəyişməsi müqayisəli təhlil olunmuşdur. Kitab biokimya, bitki fiziologiyası, enzimologiya, eləcə də fotosintez sahəsində tədqiqat aparan elmi işçilər üçün nəzərdə tutulmuşdur. Kitabdan, həmçinin uyğun ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri və müəllimlər də istifadə edə bilərlər.