AMEA Botanika institutunun direktoru, Azərbaycan Botanikləri Cəmiyyətinin sədri, akademik Validə Əli-zadə, AMEA-nın professoru, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Kəmalə Əsədova İtaliyanın Padua (Padova) şəhərində İtaliya Botanika Cəmiyyətinin və İtaliya Bitkiçilik Biologiyası Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Konqresdə iştirak ediblər. Müasir biologiya elminin aktual problemlərinə həsr olunmuş Konqresdə bitki sistematikası, taksonomiyası, fiziologiyası, biokimyası sahələrində müasir yanaşmalarla çoxsaylı təqdimatlar dinlənilib. Akademik V.Əli-zadə “Azərbaycanın Quba və Qusar rayonlarının yabanı otlarının morfoloji və molekulyar identifikasiyası”, professor, b.e.d. D.Ağayeva “Azərbaycanda Castanea sativaq qabığı göbələklərin molekulyar və morfoloji xarakteristikası”, b.ü.f.d. K.Əsədova “Azərbaycanda Xəzər dənizinin sahil hissəsinin floral tərkibinin və bitki örtüyünün tranformasiyası” mövzularında təqdimat ediblər.
Səfər müddətində akademik V. Əli-zadə 1545-ci ildə yaradılmış, Avropada ən qədim hesab olunan və 1997-ci ildə UNESKO-nun Milli İrs Siyahısına daxil edilmiş Padua Botanika Bağının direktoru prof. Dr. Barbara Baldan ilə görüşüb və gələcəkdə mütəxəssislərin burada təcrübə keçməsinin mümkünlüyü müzakirə olunub. Həmçinin, Milan Universitetinin professoru Sara Vitalini ilə dərman əhəmiyyətli bitkilərin biokimyəvi tərkibinin öyrənilməsi və alınan ekstraktların həyat keyfiyyətinə təsirini araşdırmaq üçün imkanlar barədə söhbət aparılıb, İtaliya və Azərbaycan MEA arasında bağlanmış ikitərəfli memorandum əsasında əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.