AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarına əsasən, akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları ingilis dilindən akademik İELTS proqramı üzrə keçirilir.
Bu imtahan AMEA-nın gənc alimlərinin ingilis dilində oxu, danışıq və yazı bacarıqlarının inkişaf etdirilməsinə, onların xarici ədəbiyyatdan sərbəst istifadəsinə, beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsinə və nüfuzlu elmi bazalardan istifadə imkanlarının artırılmasına zəmin yaradıb.
Bununla yanaşı, iddiaçılar xarici dildən doktoranturaya qəbul və doktorluq imtahanlarında alman və ya fransız dilini seçmək hüququna malikdirlər.
Bu dillərdən iddiaçıların biliklərinin müvafiq tələblərə uyğun qiymətləndirilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Alman və fransız dillərindən doktorluq və qəbul imtahanlarının keyfiyyətinin yüksəldilməsi haqqında” sərəncam imzalayıb.
Sənədə əsasən, AMEA-nın doktoranturasına növbəti qəbul və cari ilin qış imtahan sessiyasından başlayaraq doktorluq imtahanlarında iddiaçılar müstəqil olaraq alman dilindən B2 səviyyəsi üzrə Höte sertifikat imtahanı, fransız dilindən isə B1 və ya B2 səviyyəsi üzrə DELF imtahanı verərək imtahanın nəticəsini təsdiq edən müvafiq sertifikatı AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim etməlidirlər.