Oktyabrın 30-da AMEA-nın Neft və Qaz İnstitutunda Avropa Komissiyasının "Horizon 2020" proqramı üzrə növbəti maarifləndirici seminar keçirilib.
Üç gün davam edəcək tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, Azərbaycanın digər elm və təhsil ocaqlarının, həmçinin dövlət qurumlarının nümayəndələri, eləcə də Avstriya və Almaniyadan alimlər iştirak ediblər.
Seminarı akademik Fəxrəddin Qədirov açaraq bu gün alimlərimizin dünya elminə inteqrasiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib, bu istiqamətdə "Horizon 2020" proqramının önəmini vurğulayıb. "Horizon 2020"nin Azərbaycan elminin dünyada reytinqini artırmaq üçün xüsusi imkanlar açdığını deyən akademik tədbirin alimlərin layihə hazırlamalarına töhfə verəcəyini söyləyib.
Sonra Avstriyanın Sosial İnnovasiya Mərkəzinin layihə meneceri və tədqiqatçısı Martin Felix Gajdusek və Almaniya Aerokosmika Mərkəzinin elmi işçisi Matthias Vurch çıxış edərək "Horizon 2020" barədə məlumat veriblər. Vurğulanıb ki, büdcəsi 80 milyard avro olan layihənin məqsədi innovasiya və elmi tədqiqatların sənayedə tətbiqi, cəmiyyətdə sağlam həyat və qida təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji və digər təbii ehtiyatların səmərəli istifadəsi istiqamətində araşdırmalar aparmaqdır.
Daha sonra M.F.Gajdusek və M.Vurch "Horizon 2020" icmalı: proqramın əsas elementlərinə qısa baxış və növbəti Avropa Horizonu", "Spesifik maliyyə xətlərinə diqqət yetirmək: spesifik aspektlərin müzakirəsi və xüsusi maraq kəsb edən maliyyə şərtləri", "Çağırışı necə başa düşməli və onun məzmununu necə deşifrə etməli? - interaktiv qrup işi" mövzularında təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.