Noyabrın 13-də AMEA-nın Əsas binasında akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə görüş keçirilib.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə məqsəd akademiyada tədris prosesinin cari vəziyyəti və növbəti yaz semestrinə hazırlıq işlərinin müzakirəsi olub.
Tədbiri Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov açaraq AMEA-da təhsil prosesinin təşkili, elmi müəssisələrin maddi-texniki bazası, təhsil proqramları, kadr potensialı, təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə məlumat verib. AMEA-da bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin daha da təkmilləşdiriləcəyini deyən F.Kazımov "Magistraturada tədris prosesinin təkmilləşdirilməsi haqqında" Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli qərarını xatırladıb. Sözügedən sənədin əhəmiyyətindən söz açan idarə rəisi bu qərardan irəli gələn tapşırıqların vaxtında icra olunmasını tövsiyə edib və elmi müəssisələrin akkreditasiyası ilə bağlı vacib məqamları diqqətə çatdırıb.
Bundan əlavə, iclasda AMEA-da doktorantura təhsilinin mövcud vəziyyəti müzakirə olunub, doktorantura və dissertanturaya qəbul, doktorluq imtahanları ilə bağlı əlavə və dəyişikliklər barədə iştirakçılara məlumat verilib.
Görüşün sonunda cari tədris prosesinə dair iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, tədbirdə Elm və təhsil baş idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.