Arxiv
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev: “İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər”
18.11.2019

AMEA Rəyasət Heyətində İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi daxildirlər.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev qonaqları salamlayaraq, Azərbaycanla İran arasındakı tarixi dostluq münasibətlərindən söz açıb, bu əlaqələrin son dövrlərdə daha geniş vüsət aldığını qeyd edib. Bildirib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir.

Akademik Ramiz Mehdiyev İran İslam Respublikasından olan nümayəndə heyətinin Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammitində iştirakını və ölkə rəhbəri ilə görüşünü  yüksək qiymətləndirərək, bu səfərin iki dost ölkə arasında elm və mədəniyyət sahəsində çoxtərəfli əlaqələrin təşkilinə təkan verəcəyini söyləyib.  

Azərbaycan tarixinin hələ də dünya elmi ictimaiyyətində kifayət qədər tanınmadığını vurğulayan akademik bu gün ölkə alimlərinin tariximizi olduğu kimi təqdim etmək üçün yeni mənbələrin axtarışında olduqlarını deyib: “Düşünürəm ki, İranın arxiv sənədlərində də Azərbaycan tarixi ilə bağlı qiymətli materiallar vardır. İran və Azərbaycan alimləri birgə fəaliyyət göstərməli, tarixi həqiqətlərin ortaya çıxarılması, İran-Azərbaycan tarixinin daha dərindən öyrənilməsi üçün səylərini əlaqələndirməlidirlər”.

Ölkə başçısı İlham Əliyevin İran dövləti ilə dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini deyən AMEA rəhbəri bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün elm adamlarının bütün səylərini sərf edəcəklərini bildirib.

Sonra İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri, doktor Əbuzər İbrahimi Türkman çıxış edərək cəmiyyətin inkişafında elmin müstəsna rolundan danışıb.

Əbuzər Türkmanın sözlərinə görə, tarixən formalaşmış dostluq və əməkdaşlıq münasibətləri, ortaq adət-ənənələr, dini dəyərlər Azərbaycan və İran xalqlarının daha da yaxınlaşmasına zəmin yaratmışdır: “İki ölkə arasında elm və mədəniyyət sahəsində mövcud olan əlaqələrin bundan sonra da davam etdirilməsi hər iki ölkənin inkişafına müsbət təsir göstərəcək”.

Daha sonra Əbuzər İbrahimi Türkman İran Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunmuş kitabları akademik Ramiz Mehdiyevə təqdim edib.

AMEA tərəfindən qonağa “Azərbaycan muğamı miniatürlərdə” və İmadəddin Nəsiminin “Qəzəllər” kitabları hədiyyə olunub.

science.gov.az