Yanvarın 28-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı və elmi müəssisələrin vəzifələri ilə bağlı təlim seminarı keçirilib.
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və Kadrlar şöbələrinin müdirləri iştirak ediblər.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək “Elmi kadrlar” Milli İnformasiya Sisteminin əhəmiyyətindən danışıb. Bildirib ki, bu sistem Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanıb.
Akademik Rasim Əliquliyev qeyd edib ki, AMEA-da elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması, elmi informasiyanın əlçatanlığının təmin edilməsi və s. kimi məsələlər elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin yaradılmasını zəruri edib. Bu isə bir sıra dövlət sənədlərində, o cümlədən “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nda öz əksini tapıb.
Milli İnformasiya Sisteminin AMEA prezidentinin 12 mart 2019-cu il tarixli Sərəncamına əsasən İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən işlənildiyini vurğulayan R.Əliquliyev onun pilot layihə kimi uğurla icra olunduğunu bildirib. İnstitut direktoru sistemin istismarını həyata keçirən administrator və istifadəçilər üçün təlimatların hazırlandığını və AMEA-nın bütün elmi qurumlarında tətbiqinin nəzərdə tutulduğunu söyləyib. Alim informasiya sisteminin akademiya üzrə elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında məlumatların yer aldığı mühüm baza olacağını vurğulayıb. Qeyd edib ki, hazırda sistemin AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinə təhvil verilməsi istiqamətində sənədləşdirmə işləri aparılır.
R.Əliquliyev Milli İnformasiya Sisteminin AMEA və digər müvafiq qurumlarda formalaşan elektron elmin tərkib hissəsi olduğunu qeyd edərək, sistem üzrə görülən işlərin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq qurumları və AMEA rəhbərliyinin nəzarəti altında icra olunduğunu bildirib. O, sistemin veb-saytının (http://elmikadr.science.az) science.az domenində yerləşdirildiyini diqqətə çatdırıb.
Daha sonra institutun Tədris-İnnovasiya Mərkəzinin əməkdaşı, proqramçı Raqif İsmayılov “Elmi kadrlar” Milli İnformasiya Sistemini təqdim edib.
Məruzəçi sistemin giriş formasının sturukturunu diqqətə çatdıraraq, onun şəxsi məlumatlar, elmi əsərlər, kitablar, monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri, elmi ekspertiza fəaliyyəti, patentlər və ixtiralar, qrant layihələrində iştirak, kadr hazırlığı, eləcə də respublika üzrə və xarici ölkələrin elmi qurumlarında təmsil olunma və əlaqə məlumatları bölmələrindən ibarət olduğunu deyib.
R.İsmayılov Milli İnformasiya Sisteminin imkanlarından bəhs edərək bildirib ki, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir.
Sonra AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev çıxış edərək sistemin kadr işinin səmərəli şəkildə qurulması baxımından önəmini qeyd edib. R.Hacıyev informasiya sisteminin həyata keçirilməsinə məsul olan şəxslərə minnətdarlığını bildirib və onun uğurla icrası istiqamətində bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.
Sonda təqdimata dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Müzakirələrdə Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Zoologiya İnstitutunun direktoru v.i.e., professor Elşad Əhmədov, Radiasiya Problemləri İnstitutunun direktor müavini, f.ü.f.d. Rəvan Mehdiyeva, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, b.ü.f.d. Mehrac Abbasov, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, f.ü.f.d. Xıdır Mikayılov, Elm Tarixi İnstitutunun elmi katibi, s.e.ü.f.d. Zaur Əliyev və digərləri iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.