Arxiv
AMEA-nın Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək
31.01.2020

Məlum olduğu kimi, bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının (DST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsi Çinin Uxan bölgəsində geniş yayılan və artıq dünyanın bir sıra digər ölkələrində də qeydə alınan yeni koronavirusla (2019-nCov) bağlı bəyanat verib. Komitənin qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən hələlik fövqəladə vəziyyət elan edilməsə də, bütün ölkələrə bu virusun yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərə hazır olmaları və məlumatları DST-yə təqdim etmələri tövsiyə olunur. 

Koronavirus epidemiyasının yayılması nəticəsində yüzlərlə insanın həyatını itirdiyi, yoluxma hallarının sayının isə getdikcə artdığı bildirilir.

Vəziyyətin ciddiliyi nəzərə alınaraq bu virusun Azərbaycana daxil olmasının qarşısının alınması üçün zəruri işlər görülür. Bu məqsədlə ölkə Prezidenti İlham Əliyev aidiyyatı təşkilatlara müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı xüsusi tapşırıqlar verib. Tapşırıqlara əsasən, ölkənin sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi məhsullara ərzaq bazarında nəzarət gücləndirilib, səhiyyə ocaqlarında qaynar xətlər yaradılıb və s. işlər həyata keçirilib. Həmçinin virus və onunla mübarizə metodları haqqında əhali ilə maarifləndirmə işlərinin aparılması və vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi də görülən tədbirlər sırasındadır.

Bu məqsədlə bütün idarə, müəssisə və təşkilatlarda olduğu kimi, AMEA-da da müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Akademiyanın idarə, müəssisə və təşkilatlarının həmkarlar təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahədə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər.

 www.science.gov.az