AMEA Botanika İnstitutunda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Validə Əlizadə qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib. AR Prezidenti cənab İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən akademik bir çox dövlətlərdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu vurğulayıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq qeyd edib ki, törədilən kütləvi qırğın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir.
Tədbirdə İnstitut əməkdaşları professor, b.ü.e.d. Səyyarə İbadullayeva, b.ü.e.d. Dilzarə Ağayeva, b.ü.f.d Pərvanə Qaraxani, b.ü.f.d. Aygün Məmmədov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildirib, faciə günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.