Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olub.
GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə iki qurum arasında birgə fundamental və tətbiqyönümlü elmi-tədqiqat işləri, həmçinin konfrans və seminarların təşkili məsələləri müzakirə edilib.
Z.Əkpərov rəhbərlik etdiyi müəssisənin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik və Çayçılıq, Heyvandarlıq, Baytarlıq və digər elmi-tədqiqat institutları ilə müqavilələr imzaladığını və birgə layihələr həyata keçirdiyini söyləyib.
Sonra GEİ-nin şöbə müdirləri nazirliyin müvafiq institutları ilə birgə əməkdaşlıq imkanlarına dair öz təkliflərini səsləndiriblər.
Görüşdə çıxış edən İ.Cümşüdov tərəflər arasında koordinasiyalı şəkildə fəaliyyət üçün geniş imkanların olduğunu deyib. O, GEİ-nin alimləri ilə əmək bazarının tələblərinə uyğun yeni sortlar yaratmağın nəzərdə tutulduğunu bildirib.
Sonda birgə tədqiqatların aparılması üçün Koordinasiya Şurasının yaradılması və məqsədyönlü layihələrin hazırlanması qərara alınıb.