Arxiv
AMEA Botanika İnstitutunun karantin rejimində elmi-təşkilati fəaliyyəti haqqında
16.04.2020

Bütün dünyanı öz cənginə almış koronavirus pandemiyası ilə bağlı dövlət tərəfindən görülən zəruri tədbirlər çərçivəsində xüsusi karantin rejiminin tətbiqi AMEA-nın digər elmi müəssisələri kimi Botanika Institutunu da “Evdə qal” layihəsinə qoşularaq, öz əmək fəaliyyətlərini xüsusi rejimin tələblərinə uyğun olaraq onlain həyata keçirməyə səfərbər etmişdir.
Nazirlər Kabinetinin bir sıra dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının martın 29-dan 1 ay müddətinə növbədənkənar məzuniyyətə göndərilməsi haqqında qərarı İnstitutun kollektivi tərəfindən əmək fəaliyyətlərinin tam dayandırılması kimi deyil, imkan daxilində icra edilməsi kimi düzgün olaraq anlaşılmışdır.
İnstitutun 2020-ci il üçün təsdiq edilmiş elmi-tədqiqat işləri planına uyğun nəzərdə tutulmuş eksperimental işlərin davam etdirilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, əməkdaşlar tərəfindən mövcud eksperimental nəticələrin təhlili və bu əsasda məqalələrin işlənilməsi, yeni ədəbiyyat materialları üzrə müvafiq xülasələrin hazırlanması və s. kimi nəzəri işlərin yerinə yetirilməsi həyata keçirilir.
AMEA Botanika İnstitutunun 2018-ci ildə beynəlxalq tələblərə uyğun rəsmi təsis edilmiş dövrü nəşri olan “Plant & Fungal Research” jurnalının redaksiya heyətinin üzvləri də həmçinin istər yerli, istərsə də beynəlxalq səviyyədə əməkdaşlığı yüksək əzmkarlıqla davam etdirirlər. Artıq jurnalın 2020-ci ilin iyun ayı üçün nəzərdə tutulan növbəti 4-cü sayının tərtibatına başlanılmışdır. Sözügedən jurnalın internet saytında yer almış məqalələr ingilis dili baxımından korrektə edilməklə texniki baxışdan keçirildikdən sonra rəy alınması üçün müvafiq xarici mütəxəssislərə göndərilmiş və hazırda onların bir sırasına dair rəylər redaksiyaya daxil olmuşdur.
Çox fərəhli haldır ki, məhz bu ekstremal dövrdə İnstitut əməkdaşları (b.ü.e.d., prof. S.C.Ibadullayeva, b.ü.e.d., dosent N.P.Mehdiyeva, b.ü.f.d., dosent R.T.Abdiyeva, b.ü.f.d., dosent R.A.Səlimov, b.ü.f.d., dosent Ş.C.Muxtarova, b.ü.f.d., dosent S.M.Alverdiyeva, b.ü.f.d., dosent M.N.Nuriyeva, b.ü.f.d., dosent A.V.Məmmədova və başqaları) bəzi kitab və məqalələrinin yerli və nüfuzlu beynəlxalq elmi dərgilərdə nəşr edildiyi və ya nəşrə qəbul edildiyi haqda məlumat almışlar.
Eyni zamanda İnstitutun müvafiq struktur bölmələri tərəfindən zəruri elmi-təşkilati işlər, AMEA Rəyasət Heyəti, Biologiya və Tibb Elmləri Bölməsindən daxil olan qərar və sərəncamlar, müvafiq tapşırıqlar icra olunur. Son 10 ildə Botanika İnstitutunda əldə edilmiş ən mühüm elmi nəticələr seçilərək BTEB-in müzakirəsinə təqdim olunmuşdur. Hazırda İnstitutun çoxillik tarixi yolunu, botanika elminin inkişaf mərhələlərini, nailliyyətlərini özündə əks etdirən geniş icmal məqalə üzərində iş gedir.
Azərbaycanın e-florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparılır. Bu çərçivədə Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısı (çeklistin) R.A.Səlimov, P.X.Qaraxani və Z.S.Əliyevanın həmmüəllifliyi ilə tərtib olunmuşdur. Bu məlumat siyahısının “Azərbaycanın çiçəksiz ali bitkiləri” adlanan kitabın I cildi akademik İradə Hüseynovanın elmi redaktorluğu və akademik Validə Əli-zadənin məsul redaktorluğu altında mövcud COVID-19 pandemiyası ilə əlaqədar karantin şəraitində yalnız elektron versiyası işıq üzü görmüşdür. Beynəlxalq Nomenklatur Kodeksə (Şenzen Kodu, 2018) əsasən hazırlanmış nəşrin elmi resezenti ABŞ Missuri Botanika Bağının prezidenti Dr. Piter Uayz Cekson, rəyçiləri, Ukrayna EA-nın müxbir üzvü Sergey Mosyakin, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Svetlana Litvinksaya, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.
Elmi innovativ və İnformasiya xarakterli işlər üzrə Vikipediyadaya kitablar və ya alimlər haqda məlumalar daxil edilmiş, COST proqramı çərçivəsində elan olunan CA18207 layihəsinin birinci mərhələsindən müsbət cavab gəldikdən sonra ikinci mərhələsinə müraciət edilmişdir. Beynəlxalq layihələr üzrə işlər isə məlum hadisələrlə əlaqədar dondurulmuşdur. Bununla belə, xarici həmkarlarla yazışmalar daim davam etdirilir, fikir mübadiləsi aparılır.
İnstitutun veb saytında mütəmadi olaraq İnstitutun və AMEA-nın həyatında baş verən yeni məlumatlar yerləşdirilir.
Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 29 mart 2020-ci il, 114 №-li sərəncamına uyğun olaraq İnstitutda magistratura proqramının distant formada aparılması təşkil edilmişdir. “Botanika”, “Bitki fiziologiyası”, “Mikologiya” və “Ətraf mühitin mühafizəsi və bioloji monitorinq” ixtisasları üzrə təhsil alan 9 magistrantın tədris işləri təsdiqlənmiş II semestr dərs cədvəli və fənn sillabuslarına uyğun olaraq “Skype” və “Zoom” proqramları vasitəsilə keçirilir. Elmi rəhbərlər tərəfindən II kurs magistrantlarına (3 nəfər) dissertasiya işlərinin vaxtında tamamlanması üçün elmi-metodiki məsləhətlər verilir. Həmçinin mühazirə və təqdimatların elektron forması magistrantların elektron poçt ünvanlarına göndərilir. Dərslərin gedişini əks etdirən şəkil və videolar Təhsil şöbəsinə təqdim edilir.
Həmçinin sosial sferada da işlər mövcud vəziyyətin tələblərinə uyğun şəkildə həyata keçirilir. İnstitutda çalışan 10 aztəminatlı əməkdaşlara, birbaşa ünvanlarına çatdırılmaqla pul vəsaiti ilə maddi yardım göstərilmişdir. Bu aksiyanın davam etdirilməsi və Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna İnstitut tərəfindən vəsait köçürülməsi nəzərdə tutulmuşdur.