Arxiv
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
22.04.2020

Aprelin 22-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə sənəd (ikinci oxunuş) müzakirə edilib.

Komitə sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev adı çəkilən qanunlara təklif olunan dəyişikliklər haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi ilə Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə “Elmi dərəcələrin verilmə qaydası” və “Elmi adların verilmə qaydası” haqqında əsasnamələr təsdiq edilib. Fərmanda elmi dərəcələr və adların verilmə qaydaları, xarici ölkələrdə verilmiş elmi dərəcə və adların nostrifikasiyası, elmi dərəcədən və elmi addan məhrumetmə, elmi dərəcə və adların bərpası və digər məsələlər öz əksini tapıb. Mövcud layihə yuxarıda qeyd olunan Fərmanla əlaqədar hazırlanıb və müvafiq qanunvericiliyə uyğunlaşdırmaq məqsədi daşıyır.

Komitə üzvləri akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Musa Qasımlı, professor Anar İsgəndərov və digərləri iclasda çıxış edərək sənədlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.