Azərbaycan vətəndaşları koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq məktubları göndərməkdə davam edirlər.
Prezidentin saytına istinadla həmin məktublardan birini təqdim edirik.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova yazır:
"Çox hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyevin siyasətinin uğurlu davamçısı, bütün dünyada islahatçı Lider kimi şöhrət qazanmış Prezident olaraq bu çətin sınaq dövründə Sizin göstərdiyiniz iradə və mətinlik ən yüksək qiymətə layiqdir.
Rəhbərliyinizlə ölkədə uzun illərdir ki, davam edən sosial, siyasi və iqtisadi islahatlar prosesi cəmiyyətin bütün sahələrində, o cümlədən Azərbaycan xalqının sağlamlığının təmin edilməsində çox uğurlu nəticələr əldə olunmasına gətirib çıxarmışdır.
Sizin yüksək elmi dünyagörüşünə, sağlam fikrə, ciddi nəzəri və praktiki analizə, yüksək siyasi təcrübəyə, uzaqgörən təfəkkürə əsaslanan priventiv qərarlarınız, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız innovativ addımlar, qabaqlayıcı tədbirlər artıq öz nəticəsini vermiş, ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı şərtləndirmişdir. Xüsusi vurğulanası haldır ki, məhz hazırkı mürəkkəb tarixi mərhələdə pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunur.
Siz “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikrinizə sadiq qalaraq, nəinki ölkəmizdə yaşayan vətəndaşlarımıza, həmçinin respublikamızdan kənardakı soydaşlarımıza da sahib çıxdınız. Koronavirus fəlakətini, bu və ya digər səbəblərdən dünya iqtisadiyyatında yaranmış ciddi böhranı və onun təzahür formalarından biri kimi neftin qiymətində baş verən kəskin ucuzlaşmanı Azərbaycanın hazırlıqlı qarşılaması ölkədə son illərdə Sizin tərəfinizdən aparılmış genişmiqyaslı islahatların, rəhbər kadrları düzgün seçməyinizin, komandanızı elmi əsaslarla formalaşdırmağınızın və vahid orqanizm şəklində çalışdıra bilməyinizin sayəsində mümkün olmuşdur. Son dövrlərdə ölkədə gərəkli tibbi vasitələr, avadanlıq və ləvazimatlarla təminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə obyektlərinin istifadəyə verilməsi, yenilərinin inşası və planlaşdırılması, xaricdə çalışan həkimlərin, tibb üzrə alimlərin ölkədə gedən proseslərə cəlb edilməsi xalqın rifahı, təhlükəsizliyi və sağlamlığı naminə Sizin göstərdiyiniz uzaqgörənliyin daha bir bariz sübutudur.
Qeyd etdiklərim təkcə bizim fərdi baxışlarımızın təsviri deyil, həmçinin beynəlxalq təşkilatların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının, dünyanın nüfuzlu dövlət xadimləri və başçılarının, elm dahilərinin qiymətləndirmələrindən yaranan məntiqi təəssüratdır.
Qürur hissi ilə bildirirəm ki, Sizin ən müxtəlif elm sahələrində ciddi biliklərə, geniş məlumatlara, aydın təsəvvürə malik olmağınız xalqın xilası naminə çevik qərarlar qəbul edilməsinin və qabaqlayıcı tədbirlərin səmərə verməsinin ən həlledici amillərindən olmuşdur.
Sizin təkcə səhiyyə və tibb sahəsində deyil, cəmiyyət həyatının bütün istiqamətlərində atdığınız addımlar yaratdığınız və inkişaf etdirdiyiniz sistemə güvənci, daxili əminliyi olan bir Lider olduğunuzu sübut edir.
Bu gün Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün əsaslı tədbirlər görülür, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.
Cənab Prezident, müstəqil Azərbaycan dövlətinin son 17 ili ictimai və iqtisadi həyatın bütün sahələrində olduğu kimi, elmin də sürətli inkişafı, maddi-texniki, kadr potensialının əhəmiyyətli şəkildə yenilənməsi və daha da yüksəlməsi ilə yadda qalmışdır. Məntiqi ardıcıllıqla həyata keçirdiyiniz siyasət Azərbaycan alimləri tərəfindən də dəyərləndirilmiş və hər zaman minnətdarlıq hissi ilə qarşılanmışdır. Sizin Azərbaycan elminə göstərdiyiniz diqqət və qayğı, müxtəlif elm sahələri, xüsusən biologiya, tibb və aqrar elmlər qarşısında qoyduğunuz məqsədyönlü vəzifələr inkişaf və yüksəlişin lokomativi, hərəkətverici qüvvəsi olmuşdur.
Əlbəttə ki, koronavirus pandemiyası və onun doğurduğu problemlər, karantin dövrü tezliklə tarixə çevriləcək. Ancaq hesab edirəm ki, onun nəticəsində baş verənlərdən alınan dərsləri elm adamları, elm təşkilatçıları unutmamalıdırlar. Pandemiya bir daha sübut etdi ki, Sizin də dəfələrlə vurğuladığınız kimi, hər cür gözlənilən və gözlənilməyən təhlükələr qarşısında güc mənbəyi elmdir, məqsədyönlü və xeyirxah elmsiz dayanıqlı inkişaf yoxdur. Bu baxımdan səhiyyə və təhsil kimi elmin də dövlətin nəzarəti, dəstəyi altında olması vacibdir. Pandemiya ilə, onun doğurduğu problemlərlə mübarizə həyat elmlərinin ən müxtəlif, o cümlədən biotəhlükəsizlik istiqamətlərində dünya səviyyəsində tədqiqatların aparılmasına, bu cür tədqiqatlar üçün müvafiq maddi-texniki bazanın, yeni elmi mərkəzlərin yaradılmasına, yüksək ixtisaslı, müasir biliklərlə silahlanmış, eyni zamanda da vətənpərvərliyi ilə seçilən elmi kadrların hazırlanmasına nə dərəcədə ehtiyac olduğunu bir daha əyani şəkildə göstərdi.
Cənab Prezident, yüksək diqqətinizə çatdırmağı borc bilirəm ki, pandemiyanın geniş yayılmasının qarşısının alınması, xalqın xilası istiqamətində Sizin tapşırıqlarınız və müvafiq strukturların bu tapşırıqlardan irəli gələn qərarları AMEA-nın rəhbərliyi, elmi tədqiqat müəssisələrinin kollektivləri, bütövlükdə alimlər ordusu tərəfindən tam şəkildə bəyənilir və məsuliyyətlə yerinə yetirilir.
Biz dövlətimizin təhlükəsizlik, xüsusən də biotəhlükəsizlik sisteminə, gözlənilməz təbii və süni bəlalara hazırlığımıza real töhfələr vermək üçün fəaliyyətinizin qeyd edilən istiqamətlərdə təşkili ilə bağlı lazım olan hər şeyi etməyə çalışacağıq. Yaxın bir ay ərzində keçirilməsini planlaşdırdığımız “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn elmi konfransın da bu məqsədə doğru atdığımız mühüm bir addım olacağına əminəm.
Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, Sizin “Biz birlikdə güclüyük!” çağırışınızı Azərbaycan alimləri də yaşam amalına çevirmişlər. Bu amalla bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik.
Postpandemiya dövrü özünə güvənən güclü dövlətlərin və xalqların mühüm rol oynadığı nizam olacaq. Bütün qəlbimizlə inanırıq ki, bizim ölkəmiz də bu nizamda öndə gedəcək.
Biz Sizinlə fəxr edirik. Dünyanın müxtəlif ölkələrindən olan həmkarlarımızın Sizin haqqınızda dedikləri fikirləri eşitdikdə qürur hissi keçiririk.
Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun!"