2019-cu ilin sonunda "Clarivate Analytics" şirkəti tərəfindən çap olunan illik hesabatda "Highly Cited Researchers"in siyahısında yüksək istinad olunan alimlərin adları açıqlanıb. Siyahıda azərbaycanlı alim, Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev də yer alıb.
Bu münasibətlə "Clarivate Analytics"-ə müsahibə verən S.Allahverdiyev bildirib ki, dünyanın ən çox istinad edilən elm adamları sırasında olmaq onun üçün şərəfdir. Alim qeyd edib ki, onun araşdırmalarının nəticələrinin dünya elmi üçün əhəmiyyəti tanınıb, inkişaf etdirdiyi elmi sahələrin perspektivliyi qiymətləndirilib.
Müsahibənin sonunda S.Allahverdiyev bildirib ki, əməyinə verilən dəyər onu daha böyük həvəslə elmi araşdırmalar aparmağa sövq edəcək.