Arxiv
Müasir Azərbaycan səhiyyəsinin qurucusu
08.05.2020

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir.

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Müasir müstəqil Azərbaycan dövlətinin indiki inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynamışdır. Bu sırada şəxsiyyət -- lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev olmuşdur. Həm SSRİ, həm də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin çoxşaxəli  fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət etmişdir. Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib. 

Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, zirvələri fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər Heydər Əliyev bütövlükdə, həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.

Ümummilli liderin 1969-cü il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə gəlməsi qədirbilən xalqımızı səmimi-qəlbdən məmnun etdi. Bu, yenilməz xalqın öz dahi liderinə qovuşmasının, onun ətrafında sıx birləşməsinin təminatçısına çevrildi. Hələ gələcək möhtəşəm nailiyyətlərin ilk addımları atılan həmin dövrdə Azərbaycanın bütün sahələrində doğma, əməksevər xalqımızda milli dirçəlişə, özünüdərkə inamın, ölkə başçısına olan böyük ehtiramın yaranmasının möhkəm təməli qoyuldu.

Ulu öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovet İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar tibbi-biologiya fakültəsi və dekanlığı, hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdı. 

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə SSRİ səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri -- cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya, morfologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılıb, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilibdir. Ulu öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlayırdı. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi. Yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edildi, onlar üçün hazırlıq kursu dekanlığı təşkil edilərək fəaliyyətə başlamasına münasib şərait yaradıldı. Bir faktı da xatırlatmaq yerinə düşər ki, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirildi və bu münasibətlə institutun əməkdaşlarının bir qismi fəxri adlara, dövlət təltiflərinə layiq görüldü. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün oldu. Azərbaycanın belə görkəmli alimlərinin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması bütövlükdə Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin tanıdılması demək idi.

O dövrün, yəni ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrün tələbə-gənclərindən olduğuma görə onun ölkədə gənclərə göstərdiyi qayğı xoşbəxtliklərindən mənə də pay düşdü. Bu qayğının sayəsində mən 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı oldum. O vaxtlar Moskvanın müxtəlif ali tibb təhsili müəssisələrində mənim kimi gənclər çox idi və ümummilli liderin gənclər üçün yaratdığı əlverişli şərait hər birimizin həyatının mənasına çevrilmişdi. 

 Ümummilli lider Heydər Əliyevin 1982- ci ildə Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmamış, əksinə daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovet İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, səhiyyədə olan problemlərin müzakirəsini aparır, bu problemlərdən irəli gələn məsələlərin həlli yollarını peşəkarcasına göstərirdi.

O, vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik N.N. Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru idi. O, hər dəfə Heydər Əliyevin SSRİ səhiyyə idarələri başçılarının iştirakı ilə keçirilən toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N. Bloxin, adətən, ünsiyyətdə olduğu adamlar haqqında tərifli sözlər deməkdə bir qədər “xəsislik” edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən xoş sözləri səmimiliklə söyləməkdən çəkinməzdi. Ulu öndərin çıxışları akademikdə, sözün həqiqi mənasında, böyük təəssürat oyatmışdı. Akademik N.N. Bloxin deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram. 

Akademik N.N.Bloxindən sonra Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru vəzifəsində çalışan akademik N.N.Trapeznikov Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bir neçə dəfə Bakıda olub. Hər dəfə ümummilli lider Heydər Əliyev şəxsən tanıdığı akademik N.N.Trapeznikovu qəbul edərkən Azərbaycan onkoloqlarından akademik Cəmil Əliyevi və məni də həmin görüşlərə dəvət edər, onunla səhiyyənin problemləri, onkologiya elminin müasir səviyyəsi haqqında söhbətlər keçirərək, müzakirələr aparar, təmkinlə bizim təkliflərimizi dinləyər, buna öz lakonik, məntiqli münasibətini bildirərdi. Ulu öndər Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssisləri ilə də sıx əlaqələr saxlayar, onların diqqətini Azərbaycana cəlb edər, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin inkişafına güclü təkan verilməsinə, möhkəm zəmin yaradardı. Ulu öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texnik bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji, həm Kardioloji, həm də  Ürək Cərrahiyyəsi və Oftalmoloji mərkəzlərinin yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının qurulmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi, XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Tam əminliklə deyirəm ki, həm mənim həyatımda, həm ölkəmizin tibb kadrlarının, həm də bütövlükdə Azərbaycan Tibb Universiteti kollektivinin həyatında əsaslı rol oynayan ulu öndərin sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili sahəsinin, eləcə də Azərbaycan səhiyyəsinin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz məktəblərini yarada biliblər. Tibb elmi və tibb təhsili sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, deməli, Heydər Əliyev ideyalarının çiçəklənməsi, xoş bəhrələr verməsi haqqında ağızdolusu danışmağa haqqımız var. İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin tanınmış tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. 

XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb. Ümummilli lider qlobal proseslər fonunda tam fərqli – xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçiribdir. 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstəribdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxili və xarici siyasət yeridib, dünyanın güc sahibliyi ilə fərqlənən dövlətlərini Azərbaycanla hesablaşmaq, onun konsepsiyasına hörmətlə yanaşmaq faktı qarşısında qoyub. Yeni dünya sistemində meydan sulamaq cəhdində olan güc mərkəzləri arasında gedən çəkişmələrin pərdəarxası mahiyyətinə müvafiq şəkildə məntiqli xarici siyasət həyata keçirən müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrildi, ölkəmizin regionda icra edilən bütün transmilli layihələrdə iştirakı təmin olundu. 

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoyub. Bu da ölkəmizdə mövcud olan milli ideologiyanın təsir gücünün möhkəmliyinə dəlalət edən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. 

Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. 

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçiribdir. 1993-cü ilin iyun ayında -- mürəkkəb bir dövrdə respublika rəhbərliyinə qayıdan böyük rəhbər səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparıbdır. Sistemə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılıb, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilib, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürübdür. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilibdir. Həmin maddədə deyilir: “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”. 

1993-2003-cü illərdə yenidən ölkəyə rəhbərlik edən Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər. Bundan başqa, 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə “MEKAKAR” proqramlarına qoşulmuşdur. 1998-ci il martın 13-də isə Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə vermişdir. 1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırılmaların təşkilində də müsbət dəyişikliklər olmuşdur.

Ulu öndər tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış təhsil və elm məbədi olan Azərbaycan Tibb Universitetinə diqqət və qayğısını da onun ruhuna böyük ehtiramla xatırlatmaq istərdim. Nəticədə ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan səhiyyə sistemi, o cümlədən Azərbaycan Tibb Universiteti müstəqilliyin ilk illərindən dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il sentyabrın 28-də ulu öndərin ATU-nun yeni tədris binasının açılışında şəxsən iştirak etməsi isə bu elm ocağının tarixində ən unudulmaz hadisələrdən biri kimi qalmışdır. Böyük rəhbər 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 400 yerlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edibdir. 

Yeni istifadəyə verilmiş unikal akt zalının tribunasından çıxış edən Heydər Əliyev yeni dövrdə tibb təhsilinin qarşısında duran vəzifələrdən söz açıbdır. Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alan umummilli liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyətli hərbi-tibb fakültəsi yaradılıbdır.

2003-cü ilin oktyabrında ölkəmiz üçün zamanın çağırışlarına adekvat olan yeni dövr başlanıb, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə qədəm qoyub, iqtisadi strukturun intensiv formalaşması prosesinə start verilibdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıbdır. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması prioritetlik təşkil edən məsələlərdəndir. 

Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin qarşısını alır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illər sosial müdafiə, elm, təhsil, səhiyyə və sair sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi bunun real təsdiqidir. 

Xatırladaq ki, 2011-2012-ci tədris ilində ulu öndər Heydər Əliyevin ideyalarının yaşaması və çiçəklənməsi sayəsində Azərbaycan Tibb Universiteti kollektivin həyatında daha bir yenilik baş verdi – yolunu səbirsizliklə gözlədiyimiz daha bir arzumuz yerinə yetdi. Belə ki, ATU-da diplomdansonrakı hazırlığın rezidentura sisteminə keçidi baş tutdu. 

Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının doğma Vətənimizin, müstəqil Azərbaycan Respublikasının həyatında yaratdığı uğurlu dəyişikliklər hazırda da böyük müvəffəqiyyətlə davam etdirilir. 

Anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyət xalqımızın ümummilli lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir. 

Əhliman Əmiraslanov, akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin Səhiyyə komitəsinin sədri

"Xalq qəzeti", 8 may 2020-ci il