Arxiv
AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib
18.05.2020

Mayın 15-də AMEA Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyətinə dair bir sıra məsələlərin iclasda müzakirə olunacağını diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının ölkəmizdə elmin kommersiyalaşdırılması və texnologiyaların transferi istiqamətində xüsusi rola malik olduğunu deyib.

Sonra YT Parkın direktoru, akademik Əli Abbasov AMEA Yüksək Texnologiyalar Parkının mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair təqdimatla çıxış edib. Yüksək texnologiyaların innovasiya və iqtisadiyyatda tətbiqinin vacibliyindən söz açan Əli Abbasov vurğulayıb ki, parkın inkişaf perspektivləri ilə bağlı nəzərdə tutulan layihələrin yüksək dinamikasının təmin edilməsinin əsas yolu elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq edilməsidir. Hazırda MDB ölkələrində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkları, onların investisiya mənbələri, rezidentləri və həyata keçirdikləri innovativ layihələr barədə məlumat verən akademik diqqətə çatdırıb ki, bu istiqamətdə uğur əldə etmək üçün milli kadr potensialına, perspektivli mühitə və maliyyə resurslarına ehtiyac var.

Akademik Əli Abbasov, həmçinin müxtəlif dövlət şirkətlərinin YT Parkın rezidentliyinə qəbul edilməsi, ali təhsil müəssisələrilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, YT Parkın İnvestisiya Fondunun yaradılması, rəqəmsal xidmətlərin genişləndirilməsi, intellektual məhsulların reyestrinin formalaşdırılması, innovasiya ekosisteminin sağlamlaşdırılması məqsədilə uyğun qanunvericilik bazasının hazırlanması, parkın inkubasiya fəaliyyətinin bərpa edilməsi, o cümlədən dövlət təşkilatları və AMEA-nın institutlarının birgə iştirakı ilə yeni müəssisələrin təsis edilməsi və s. istiqamətlərdə müvafiq təkliflər səsləndirib. O, gələcək inkişaf perspektivində nəzərdə tutulan müddəaların həyata keçirilməsinin YT Parkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədənkənar vəsaitlərinin artmasına, yerli və xarici investorların ölkəyə cəlbinə təkan verəcəyini söyləyib.

İclasda strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik olan YT Parkda layihələrin tətbiqi ilə bağlı müxtəlif təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyevİradə HüseynovaRasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqovİşlər idarəsinin müdiri, texnika üzrə elmlər doktoru, professor Elton Məmmədov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev iştirak ediblər.

Onlayn tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 2016-cı ildə qəbul edilən "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənib hazırlanmasına və istehsalata tətbiqinə geniş imkanlar açır. Digər ölkələrdə mövcud olan Yüksək Texnologiyalar parklarının imkanlarının öyrənilməsinin zəruriliyinə toxunan akademik İsa Həbibbəyli bu istiqamətdə beynəlxalq təcrübənin AMEA YT Parkın gələcək fəaliyyətinə müsbət töhfə verəcəyini vurğulayıb. Akademik, o cümlədən perspektivli patentlərin istehsalatda tətbiqinin vacibliyini bildirib və akademiya alimlərinin yeni nailiyyətləri barədə AMEA Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetində mütəmadi məqalələrin dərc edildiyini söyləyib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev milli iqtisadiyyatımıza töhfə vermək, eləcə də ölkədən xaricə valyuta axınının qarşısını almaq məqsədilə respublikanın təhsil və elmi müəssisələrinin tələbatları ilə bağlı monitorinqlərin aparılmasını və onların ehtiyaclarının qarşılanmasını təklif edib.

İclasda, həmçinin AMEA Rəyasət Heyətinin nəzdində patent mərkəzinin yaradılması barədə təkliflər səsləndirilib.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək AMEA YT Parkın müasir tələblərə cavab verən və ölkə iqtisadiyyatına mühüm töhfələr verən quruma çevrilməsi, akademiya alimlərinin bugünə qədər əldə etdikləri patentlərin araşdırılması və perspektivli layihələrin maliyyələşdirilməsi, həmçinin postpandemiya dövründə respublikanın təhsil və elmi müəssisələrinin tələbatları ilə bağlı dəyirmi masaların keçirilməsi üçün müəyyən tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.