Arxiv
Əziz və hörmətli İradə xanım!
22.05.2020

Sizi anadan olmanızın yeni baharı – 55 illik yubileyiniz münasibətilə AMEA Botanika İnstitutunun kollektivi adından səmimi qəlbdən təbrik edirik! Sizə can sağlığı və mənalı, sevinc dolu günlərlə zəngin olan uzun ömür yolu, həmçinin elmi-təşkilatı, pedaqoji və ictimai fəaliyyətinizdə yeni-yeni nailiyyyətlər arzulayırıq!

İradə xanım, bu, bir həqiqətdir ki, Siz AMEA-nın vitse-prezidenti, BTEB-in sədri, MBBİ-nun direktoru olaraq əhatəli, gərgin iş rejiminizə baxmayaraq, rəhbərlik etdiyiniz çoxsaylı struktur bölmələrinin beynəlxalq standartlara uyğun inkişafı, düzgün istiqamət alması naminə yüksək enerji ilə çalışırsınız. Akademik Cəlal Əliyevin layiqli davamçısı olaraq, Siz həmçinin son dərəcə məsuliyyətli, yüksək erudisiya və professional bilik səviyyəsinə malik, özünüzə qarşı hədsiz tələbkar bir alim və qayğıkeş pedaqoq, gözəl və səmimi insan kimi tanınmısınız. Bu xüsusiyyətlər Sizin elmin ən aktual və çətin problemləri ilə məşğul olmanıza və məhsuldar işləmənizə daim təkan vermiş və beynəlxalq səviyyədə çap etdirdiyiniz elmi əsərlərinizlə ən nüfuzlu elmi dairələrdə tanınmanızı zəruri etmişdir. Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində biologiya sahəsində yüksək elmi nəticələrin əldə olunacağına və Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə yeni səhifələr yazılacağına biz əminik!

Əziz İradə xanım, Sizi bir daha 55 illik əlamətdar yubiley tarixiniz münasibətilə ürəkdən təbrik edir, xoşbəxtlik, şəxsi həyatınıza fərəh gətirən yeniliklər və ən əlçatmaz xəyallarınızın həqiqətə çevrilməsini bütün varlığımızla arzulayırıq! Qoy bundan sonrakı həyat yolunuz Sizi daha xoşbəxt günlərə aparsın! Uğura gedən yolunuz həmişə açıq olsun!