Arxiv
AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
04.06.2020

AMEA Botanika İnstitutunda 3 iyun 2020-cu il tarixində keçirilən elmi şuranın növbəti iclasında İnstitutunun fəaliyyətinə dair bir sıra məsələlər müzakirə olunub. İclası İnstitutun direktoru akademik V.M.Əli-zadə açaraq xüsusi karantin rejimi müddətində İnstitutun elmi-təşkilati fəaliyyət barədə məlumat verib. 2020-ci ilin yarımillik hesabatlarına dair hazırlıq işlərinə başlandığını qeyd edən V.M.Əli-zadə ekspedisiyaların bərpası, həmçinin, Qırmızı Kitabin III nəşri üçün seçilmiş bitki və göbələk növlərinə dair vacib məlumatların toplanılması üzrə müəyyən tapşırıqlar verib.

İnstitutun elmi katibi b.ü.f.d. X.C.Xəlilova elmi şura üzvlərinə Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiyanın Tədbirlər Planını xatırladaraq strateji məqsədlər, milli hədəflər və fəaliyyətləri İnstitutun müvafiq şöbə və laboratoriyalarının öz hesabatlarında nəzərə almalarının zəruriliyini vurğulayıb. Mikologiya laboratoriyasının müdiri b.e.d. D.N.Ağayeva “Plant and Fungal Research” jurnalının 4-cü nəşrinin tərtibatı üzrə aparılan işlərdən danışıb. Həmçinin, Azərbaycan Botaniklər Cəmiyyətinin elmi əsərlərinin çap olunmasına dair məsələləri diqqətə çatdırıb. Sonda V.M.Əlizadə qısa müddət ərzində cəmiyyətin redaksiya heyətinin formalaşdırılması və sənədləşdirilməsinə dair göstəriş verib.