Arxiv
Azərbaycan Botaniklər Cəmiyyəti Botanika Bağlarının Beynəlxalq Mühafizəsi təşkilatına üzv seçilib
22.06.2020

Beynəlxalq arenada elmi əlaqələrin və əməkdaşlıqların genişləndirilməsi, yüksək ixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətlərin inkişaf etdirilməsi məqsədi ilə AMEA Botanika İnstitutu nəzdində yaradılan və respublika üzrə 12 təşkilatı təmsil edən Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI) təşkilatına üzv seçilib.

BGCI, 1987-ci ildən dünyanın 100-dən çox ölkəsinin botanika sahəsi üzrə çalışan təşkilatlarını bitki mühafizəsi üçün qlobal bir şəbəkədə birləşdirən və təmsil edən təşkilat olub, əsas ofisi Böyük Britaniyada yerləşir və həmçinin dünya üzrə ABŞ, Çin, Kenya və Rusiyada regional ofisləri fəaliyyət göstərir.

Təşkilatın əsas mühüm və prioritet məqsədləri – bitki mühafizəsi istiqamətində innovativ və strateji layihələrin təşkili və idarə edilməsi; bitki müxtəlifliyinin təmin edilməsi üzrə tərəfdaş və üzvlərin cəlb edilməsi; Botanika bağlarında və daha geniş cəmiyyətdə əlaqələrin yaradılması və bitki qorunması potensialının genişləndirilməsi; müasir çağırışlara cavab verən fəaliyyətin dəstəklənməsidir.

Qeyd etmək lazımdır ki, ABC (https://www.botanysociety.az) Azərbaycan botaniklərini dünya Botanika cəmiyyətinə cəlb etməyi və gələcək inkişaf üçün faydalı olan BGCI-nin xidmətlərindən məqsədyönlü istifadə etməyi nəzərdə tutur. Həmçinin, beynəlxalq əlaqələrin və müştərək layihələrin genişləndirilməsi istiqamətində fəal və uğurlu addım hesab edilən bu sevindrici hadisə olduqça aktualdır, çünki cəmiyyətimiz regionun botaniklərinin əksəriyyətini birləşdirir. Beləliklə, strateji əhəmiyyətli bioloji müxtəlifliyin mühafizəsi istiqamətində çalışan Azərbaycan botaniklərini dünya Botanika cəmiyyətinə cəlb etmək və gələcək inkişaf üçün vacib olan BGCI-nin xidmətlərindən faydalanmaq yeni imkanlar açır.