Azərbaycan florasına daxil olan ali bitkilərin bir çoxu dərman, iqtisadi, qida və yem əhəmiyyətlərinə görə insanların əsas ehtiyacları üçün istifadə olunur. XX əsrin ortalarından etibarən təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində bəzi ərazilərdə bitki örtüyü deqradasiyaya uğramış, bir çox biki növləri məhv olmuş və ya onların sayı kəskin surətdə azalmağa başlamışdır. AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Etnobotanika laboratoriyasının əməkdaşları vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına ekspedisiyalara gedir, monitorinq aparırlar, bitki müxtəlifliyin öyrənilməsi ilə yanaşı onların yerli əhali tərəfindən istifadəsinə dair məlumat toplayırlar.
Carı ilin iyun-iyul aylarında AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, b.e.d., professor S.İbadullayeva, elmi işçiləri b.ü.f.d. G.Şirəliyeva, b.ü.f.d. N.Movsümova, N.Əsgərova və H.Məmmədova tərəfindən Böyük Qafqaz üzrə Zaqatala, Qax, Şəki, Kiçik Qafqaz üzrə Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında 6 marşrut üzrə monitorinqlər həyata keçirilib. Monitorinqin əsas məqsədi regionlarda antropogen təsirə məruz qalan bitkilərin ayrı-ayrı sistematik qrupların müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olmuşdur. Eyni zamanda rayonlarda yerli icmalar üçün treyninqlər keçirilmiş və bitkilərin toplanılması zamanı xüsusi qaydalara diqqət edilməsinin vacibliyi açıqlanmışdır. Nəticədə bəzi faydalı bitkilərdən xammal ehtiyatı toplanılmış, qurudulmuş və laboratoriyada tərkibinin oyrənilməsi üçün hazırlanmışdır. 500-ə qədər yığılmış herbari materialın identifikasiya olunması və İnstitutun Herbari fonduna təhvil verilməsi nəzərdə tutulur.