Arxiv
Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib
12.09.2020

AMEA-nın Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) müxbir üzvü seçilib.

Azərbaycanlı alim bu ada elm sahəsindəki xidmətlərinə və RTEA ilə əlaqələrin inkişafındakı fəaliyyətinə görə layiq görülüb.

Elman İsgəndər bu il RTEA-nın 25 illiyi münasibəti ilə keçirilən konfrans, sərgi və müsabiqlərdə fəal iştirak edib.

Qeyd edək ki, tədqiqatçı tərəfindən Azərbaycan florasına aid nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası müqayisəli şəkildə tədqiq edilib. Alim həmin bitkilərin areallarının kiçilmə səbəblərini aşkar edərək, onların təhlükə kateqoriyalarının müəyyənləşməsi və mühafizə edilmələri üçün təkliflər verib.

O, həmçinin "Botanika" ixtisası üzrə 155 elmi əsərin və 8 kitabın müəllifidir. E.İsgəndərin çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu jurnallarda dərc olunub.