AMEA Botanika İnstitutunun “Bitki ehtiyatları” şöbəsinin elmi işçisi Aydan Zeynalova və İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.e.d., professor Eldar Novruzovun həmmüəllif olduğu “Phenolic fingerprint in wild growing pomegranate fruits from Azerbaijan” adlı məqalə İtaliyanın nüfuzlu “Advances in Horticultural Science” jurnalında (2020-ci ilin 34 sayı, 3 buraxılışı) nəşr olunub.
Sözügedən məqalə İtaliya Milli Tədqiqat Şurasının Florensiya bölməsinin Davamlı Bitki Mühafizəsi İnstitutunun (CNR-IPSP) alimləri ilə müştərək tədqiqatlar çərçivəsində yabanı nar bitkisidən alınan şirənin tərkibindəki bioloji fəal maddələrin kəmiyyət və keyfiyyət tərkibinin araşdırılmasına həsr olunmuşdur. Məqalənin nəticələri göstərir ki, Azərbaycanda bitən yabanı nar nümunələri bioloji aktiv metabolitlərin perspektivli mənbəyidir və stress şəraitində seleksiya proqramlarında yüksək qida və tibbi xüsusiyyətlərə malik yeni sortlarının yaradılmasında donor kimi istifadə edilə bilər.