Arxiv
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib
28.10.2020

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının iclası keçirilib. Karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi ilə təşkil olunan iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq akademik İradə Hüseynova bildirib ki, Azərbaycan dövləti və müqəddəs xalqımız çoxdan uzun illər boyu gözlədiyimiz haqq savaşına qalxıb. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu hazırda tarix yazmaqda, doğma Qarabağımız düşmən tapdağından azad edilməkdədir. Natiq tezliklə azad olunmuş ərazilərdə AMEA-nın, o cümlədən BTEB-in alimləri tərəfindən aparılacaq çoxşaxəli elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyinə diqqət çəkib və əmin olduğunu bildirib ki, ən qısa zamanda regionun fauna və florasının, torpaq və su resurslarının tədqiqinə başlanılacaq. Akademik İradə Hüseynova AMEA Genetik Ehtiyatlar İnstitutunun Ağdərə bölgəsində mövcud olmuş Qarabağ Elmi Tədqiqat Bazasında da iri həcmdə tədqiqat işlərinin aparılacağı günün uzaqda olmadığını deyib. Şuranın sədri institutların cəbhəyə və döyüşən ordumuza dəstək olması ilə bağlı aksiyalar təşkil edilməsinin vacibliyinə diqqət çəkib, bu sahədə görülmüş işlərdən danışıb. İclas iştirakçıları ölkə başçısını və onun Azərbaycanın gələcəyi uğrunda apardığı şərəfli mübarizəni yekdilliklə dəstələdiklərini bildiriblər.

Sonra AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin statusu və gələcək fəaliyyəti ilə bağlı təkliflərin hazırlanması üzrə komissiya yaradılması haqqında məsələyə baxılıb və müvafiq qərar qəbul edilib.

Daha sonra gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb. İnstitut direktorları AMEA-da magistraturaya yeni qəbul edilmiş gənclərin təhsilinin və elmi tədqiqatlarının təşkili haqqında məlumat veriblər. Akademik İradə Hüseynova Bölmədə Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və Botanika institutları ilə yanaşı, növbəti ildə daha üç institutda magistratura təhsilinin aparılacağını qeyd edib və 2021-2022-ci tədris ili üçün qəbul sifarişlərinin təqdim edildiyini bildirib.

İclasın gündəliyində yer alan növbəti məsələ BTEB-in institutlarında doktorantura və dissertanturaya növbət qəbulun təşkili və keçirilməsi barədə olub.

İnstitutlarda qəbul prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkili ilə bağlı tapşırıqlar verilib.

Akademik İradə Hüseynova Elmi şuranın üzvlərinin diqqətini pandemiyanın hazırkı dövründə görülməli olan tədbirlərə çəkib.

İclasda AMEA Dendrologiya İnstitutunun və AMEA Mikrobiologiya İnstitutunun elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərarlar qəbul edilib.

Daha sonra Bölmənin bəzi əməkdaşlarının BTEB-in Fəxri fərmanına layiq görüldüklərini diqqətə çatdıran akademik İradə Hüseynova təltif edilən alimlərin (Rusiya EA Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev, AMEA Mikrobiologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Nadir Nadirov) elmi fəaliyyətlərini yüksək qiymətləndirib. Pandemiya dövrü ilə bağlı qaydalar nəzərə alınaraq fəxri fərmanların təqdimatı təxirə salınıb.