AMEA-nın Botanika İnstitutunda Azərbaycanın Qarabağ müharibəsində qazandığı tarixi qələbəyə həsr olunan onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, akademik Validə Əlizadə bütün kollektivi qələbə münasibətilə təbrik edib. Validə Əlizadə qeyd edib ki, bu qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Ali Baş Komandanın siyasi iradəsi və güclü ordu quruculuğu sayəsində müzəffər ordumuz ərazi bütövlüyümüzü geri qaytarıb. Bu qələbənin Azərbaycan şərəfli tarixinə qızıl hərflərlə yazılacağına biz əminik, Azərbaycan Respublikasının Prezidentinə, rəşadətli əsgər və zabitlərimizə qələbə sevincini bizə yaşatdıqlarına görə öz dərin təşəkkürümüzü bildiririk. İşğaldan azad olunmuş rayonlarımızda təbii sərvətlərimizin ermənilər tərəfindən amasızcasına talan edildiyini diqqətə çatdıran akademik, bu ərazilərdə bitki müxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin planlaşdırılmasının vacibliyini vurğulayıb. Sonda V.Əlizadə institutun kollektivi adından vətən uğrunda şəhid olanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralı əsgərlərimizə şəfa diləyib.
İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d., professor Eldar Novruzov qələbəmiz münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün ərzində 30 ilin həsrətinə son qoyaraq Ermənistanı diz çökməyə və kapitulyasiyaya məcbur etdi. İgid oğulların canı bahasına əldə olunan tarixi qələbə xalqımızın yaddaşında əbədi həkk olunacaq.
AMEA-nın müxbir üzvü, b.e.d. Xəlil Qasımov qeyd edib ki, Vətən müharibəsində əldə olunan qələbə bütün dünyaya Azərbaycanın siyasi və hərbi gücünü sübut etdi.
Tədbirdə digər çıxış edən İmran Babayev, Səyyarə İbadullayeva, Dilzarə Ağayeva, Naibə Mehdiyeva, Pərvanə Qaraxani, Xuraman Xəlilova, Rəşad Səlimov, Aida İbrahimova, Kəmalə Əsədova, Lamiyə Abbasova böyük sevinc və qürur hissi ilə Ali Baş Komandan başda olmaqla tarixi qələbəni bizə yaşadan müzəffər ordumuza sonsuz təşəkkürlərini ifadə ediblər.
“Qarabağ Azərbaycandır” adlı video-roluk nümayiş olunub.
Sonda institutun kollektivi adından ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə ünvanlanan müraciətin məzmunu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Müraciətdə deyilir:
Möhtərəm Prezident!
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun əməkdaşları adından Sizi dərin minnətdarlıq hissi ilə 2-ci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, azad Azərbaycanımızın daha da çiçəklənməsi naminə yorulmaq bilmədən çalışdığınız yolda uğurlar arzulayırıq!
Möhtərəm Ali Baş Komandan! Heç kimə sirr deyildir ki, sarsılmaz və müzəffər Azərbaycan Ordusunun bu çətin, eyni zamanda şərəfli vətən savaşında qələbəsi məhz Sizin məqsədyönlü, uzaqgörən siyasətiniz, dərin zəkanız sayəsində bərqərar oldu və Qarabağ uğrunda gedən döyüşlər yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazıldı! Sizin yüksək döyüş ruhu yaradan “Qarabağ Azərbaycandır!” şüarınız altında 27 ildən artıq müddət ərzində işğal altında qalan torpaqlarımız uğrunda gedən mübarizədə böyük əzmkarlıq, qətiyyətli mövqe, şücaətinizlə 44 gün ərzində Qələbəyə nail ola bildik.
Möhtərəm Prezident! Siz Azərbaycanın nüfuzunu anbaan artıran və onun nəyə qadir olduğunu bütün dünyaya bəyan edərək, təkcə ön cəbhədə deyil, informasiya cəbhəsində də qalib gəldiniz. Qısa bir müddət ərzində, öz kəsərli çıxışlarınızla istər xoşməramlı, istərsə də, təhdidə meylli 30-dan çox beynəlxalq media nümayəndələrinə ustad dərsi keçərək, tarixi həqiqətləri təmkinlə onların diqqətlərinə çatdıra bildiniz.
Çox fərəhli haldır ki, Siz tezliklə azad olunmuş torpaqlarımızda yeni quruculuq işlərinə start veriləcəyini, viran qoyulmuş tarixi abidələrimizin, məscidlərimizin bərpa ediləcəyini, bütün infrastrukturun yenidən qurulacağını vurğulamısınız. Bu ümumxalq işində qəlbində vətən sevgisi daşıyan hər bir kəs, o cümlədən biz, alimlər səfərbər olmalıyıq.
Azərbaycanın qələbəsi təkcə ata-ana yurdundan didərgin salınmış minlərlə qaçqınların xilası deyil, bu, həm də ana təbiətimizin incisi olan Qarabağ təbiətinin xilasıdır. Uzun illərdən bəri amansızcasına təcavüzə məruz qoyulmuş təbiətimiz, yandırılmış, qırılmış meşələrimiz, düşmən tapdağı altında əzilən çəmənlərimiz, nadir bitkilərimiz də nəhayət ki, yenidən dirçələcək və öz gözəllikləri ilə qədirbilən sakinlərini valeh edəcəklər. Bu, birbaşa, bizim - botaniklərin vəzifəsidir.
Bəli, biz Qarabağa qayıdış ərəfəsindəyik. Ancaq bu dəfə hərbi silah-sursatla deyil, elmi sursatla - müşahidə dəftərlərimiz, qələmlərimiz, kitablarımız və potensial biliklərimizlə doğma Qarabağımıza qayıdacaq, onu qarış-qarış gəzərək, elmi həqiqətləri üzə çıxaracağıq!
Çox çəkməz ki, top atəşləri, raket uğultuları, güllə səslərindən sarsınmış Qarabağda azan səsləri eşidilər, torpaqlarımız kimi, ana təbiətimizin də tamlığı bərpa olunar.
Qarabağ Azərbaycandır! Bu kəlmələri söyləməkdən usanmırıq! Yaşasın azad Azərbaycan! Eşq olsun, Sizə - xalqımıza qələbə sevincini bəxş edən, hamımızın fəxri cənab İlham Əliyev! Siz Azərbaycan tarixində ilk dəfə olaraq misli görünməmiş birlik yaradılmasına nail olmuş şəxsiyyətsiniz! Cənab İlham Əliyev, biz Sizinlə - Ulu Öndərin layiqli davamçısı ilə fəxr edirik!
Möhtərəm Prezident! Sizin adi təqvim günündən zəfər gününə çevirə bildiyiniz 10 noyabr tarixi Azərbaycanın Qələbə tarixi kimi yaddaşlara həmişəlik həkk olunacaq və möhtəşəm milli bayramlarımızın zirvəsində duracaqdır! Biz əminik ki, Sizin rəhbərliyiniz altında müstəqil ölkəmizin gələcək düzgün inkişaf yolunun müəyyənləşməsi naminə irəli sürdüyünüz bütün mütərəqqi ideyalarınız reallaşacaq və Azərbaycan tarixinə Sizin dəsti-xəttinizlə yeni qızıl səhifələr əlavə ediləcəkdir! Sizə bu çətin və şərəfli yolda tükənməz enerji arzulayırıq! Ulu tanrı Sizi qorusun!
Dərin ehtiramla,
AMEA Botanika İnstitutunun kollektivi adından,
AMEA-nın həqiqi üzvü V.M.Əli-zadə