Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin akademiyanın Fizika-Riyaziyyat və Texnika, Kimya və Gəncə bölmələrinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinin yekunlarına həsr olunan iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri, hesabatları təqdim edilmiş müəssisələrin direktorları, aparatın idarə və şöbə müdirləri də iştirak ediblər.
İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rəyasət Heyətinin iclasına çıxarılan ilk məsələ AMEA-nın Kimya Elmləri Bölməsinin 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə olub. Mövzu ətrafında çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, hesabat ilində “Аzərbаycаn Rеspublikasındа sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövət Proqramı”, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının Sərəncamından və digər sənədlərdən irəli gələrək bir sıra mühüm tədqiqatlar həyata keçirilib.
Onun sözlərinə görə, 2020-ci ildə bölmənin institutlarında 12 problemi əhatə edən 42 mövzu üzrə tədqiqatlar aparılıb, 25 mövzu tamamlanıb və 26 mühüm elmi nəticə əldə edilib. Akademik qeyd edib ki, hesabat ilində institutlar tərəfindən təklif edilən 10 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib və müsbət nəticələr əldə olunaraq istehsalına başlanılıb. D.Tağıyev bölmənin əməkdaşları tərəfindən “AzofosK” kompleks gübrəsinin, “Biosanis” dezinfeksiyaedici vasitənin, üzvi-mineral kompleks gübrənin, xüsusi təyinatlı motor və sürtkü yağlarının, Naftalan neftinin tullantılarından əldə olunan yağ və digər məhsulların hazırlandığını diqqətə çatdırıb.
Aparılan tədqiqatlar nəticəsində 19 monoqrafiya, kitab, dərslik və biblioqrafik-göstəricinin, 622 məqalə və tezisin (345-i xaricdə, 177 məqalə “Web of Science” və “Scopus” bazasına düşən jurnallarda) hazırlandığını deyən akademik bölmənin institutlarında 55 Azərbaycan və bir Avrasiya patentinin alındığını söyləyib. Azərbaycanın müxtəlif elmi istiqamətlər üzrə reytinq cədvəllərindəki yerini qiymətləndirən birinci vitse-prezident kimya sahəsində Cənubi Qafqaz üzrə ölkəmizin ikinci yerdə qərarlaşdığını diqqətə çatdırıb. Akademik D.Tağıyev, həmçinin bölmədə elektron elmin vəziyyəti, qrant layihələri, elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və laboratoriyalar, konfranslar, seminar və yubileylər, təltiflər haqqında da geniş məlumat verib.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev bildirib ki, hesabat ilində aparılan tədqiqatlar zamanı ölkə başçısının, Nazirlər Kabinetinin, AMEA-nın Ümumi yığıncağının, akademiyanın Rəyasət Heyətinin qərarları, eləcə də “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” əsas götürülüb. Qeyd edib ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi (2017-2025)”, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” və digər proqramlardan irəli gələn tapşırıqlar üzrə işlər həyata keçirilib.
Akademik Rasim Əliquliyev bölmənin müəssisələrində 29 problemə aid 111 mövzu üzrə 301 tədqiqat işinin aparıldığını, 61 mövzu və 187 işin tamamlandığını, bu tədqiqatlardan 45-nin mühüm nəticə kimi dəyərləndirildiyini söyləyib. Onun sözlərinə görə, bölmə əməkdaşları tərəfindən “Elmi kadrlar” Milli İnformasiya Sistemi və Milli Transliterasiya Sistemi hazırlanaraq istismara verilib, “Hüceyrə texnologiyalarının inkişafı proqramı” hazırlanıb, o cümlədən Azərbaycanın mədəniyyət sahəsini və məkan məlumatlarını əhatə edən coğrafi informasiya sistemləri (GİS) və elektron xəritə üzərindən naviqasiya portalı (culturemap.az) yaradılıb, həmçinin Ceyranbatan su anbarındakı suyun fiziki, kimyəvi, mikrobioloji və orqonoleptik parametrlərinin etalon və cari bazalarının müqayisəsi əsasında intellektul informasiya sistemi işlənilərək təhvil verilib.
Qrant layihələri, elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, konfranslar, seminar və yubileylər, təltiflər haqqında da məlumat verən akademik aparılan tədqiqatların 2 monoqrafiya, 25 kitab (9-u xaricdə), 18 dərslik, dərs vəsaiti, elmi-kütləvi nəşr və 937 məqalədə (554-ü nüfuzlu xarici elmi jurnallarda) əksini tapdığını söyləyib. O, məqalələrdən 460-nın “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunduğunu, əməkdaşların əsərlərinə 14 min 211 istinad edildiyini vurğulayıb.
Bundan əlavə, e-elmin formalaşması və inkişafı istiqamətində elmin informasiya təminatının formalaşdırılması istiqamətində işlərin davam etdirildiyi, müxtəlif təyinatlı informasiya sistemləri və veb-saytların istifadəyə verildiyi, e-elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələlərinin tədqiq edildiyi və effektiv həllərinin təqdim olunduğu diqqətə çatdırılıb.
Həmçinin çıxışının sonunda akademik Rasim Əliquliyev süni intellekt texnologiyaları, kiberfiziki sistemlər, proqram mühəndisliyi, Big Data, informasiya və radiasiya təhlükəsizliyi, sosial-iqtisadi, siyasi və texnoloji sistemlərin idarə olunması, tətbiqi riyaziyyat, riyazi kriptoqrafiya, riyazi statistika, diskret riyaziyyat, hesablama riyaziyyatı istiqamətində görülməli olan vacib işlərdən, multidissiplinar və tətbiqi tədqiqatların genişləndirilməsinin zəruriliyindən danışıb.
İclasda AMEA-nın Gəncə Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti də müzakirə edilib. Bölmənin sədri, akademik Fuad Əliyev hesabat ilində texniki, humanitar və ictimai elm sahələrində tədqiqatların davam etdirildiyini bildirib. Onun sözlərinə görə, ötən il Gəncə Bölməsinin elmi müəssisələri “Azərbaycan-2020: gələcəyə baxış İnkişaf Konsepsiyasının”, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın, “Azərbaycan Elminin İnkişaf Doktrinası”nın, Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının təsdiq etdiyi müddəaların və Dövlət proqramlarının əsasında elmi tədqiqat işlərini həyata keçirib. Qeyd edib ki, bölmənin institutlarında 4 problemə aid 20 mövzu üzrə 33 elmi tədqiqat işi aparılıb, 1 mövzu, 14 iş və 42 mərhələ tamamlanıb, 2 patent və 4 mühüm nəticə alınıb. Həmçinin aparılan tədqiqatlar nəticəsində 2 kitab, 2 monoqrafiya, 3 dərslik, 46 məqalə (31-i xaricdə, onlardan 17-si impakt faktorlu jurnallarda), 26 tezis (19-u xaricdə) dərc edilib, elmi işçilərin əsərlərinə 138 istinad qeydə alınıb.
Mühüm nəticələri təqdim edən akademik ekoloji problemləri həll etmək məqsədilə işlədilmiş polietilendən istifadə etməklə müxtəlif növ kompozisiya materialları almaq üçün müxtəlif dolduruculardan istifadə olunduğunu, Göygöl Milli Parkının ərazisinin çöküntülərində mamır biomonitorinqi ilə 44 elementin konsentrasiyasının təyin edildiyini diqqətə çatdırıb. Bundan əlavə, Qərb regionunda geniş yayılmış bitki kataloqunun hazırlanması, alternativ enerji mənbəyi kimi aqrotullantılardan yağların, eləcə də təmizlənmiş Naftalan nefti əsasında müxtəlif tərkibli müalicəvi əhəmiyyətə malik maddələrin alınması istiqamətində tədqiqat işlərinin də aparıldığını söyləyib. Eyni zamanda Ekologiya və Təbii Ehtiyatlar İnstitutunda Naftalan nefti və tullantılarını mexaniki və kanserogen birləşmələrdən təmizləmək üçün yerli xammal əsasında adsorbentlərin hazırlandığını, Qərb bölgəsinin sənaye tullantılarının pasportlaşdırılması və təkrar emalı texnologiyasının tədqiq olunduğunu söyləyib. Hesabat ilində, eləcə də Nizami Gəncəvi Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının mövzu, ideya və tarixilik baxımından öyrənildiyi vurğulanıb.
Daha sonra hesabatlar ətrafında müzakirələr aparılıb. Müzakirələrdə akademiklər - İsa Həbibbəyli, İbrahim Quliyev, Adil Qəribov, Vaqif Fərzəliyev, Vaqif Abbasov, Fikrət Əliyev, müxbir üzvlər Misir Mərdanov və Əminağa Sadıqov çıxış edib, təklif və mülahizələrini, suallarını səsləndiriblər. Sonda müvafiq qərar qəbul olunub.
Fizika-Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri və Gəncə Elmi bölmələrinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunub.
Sonda Akademiyanın institutlarında ötən il ərzində aparılan tədqiqatlara dair dinlənilən hesabatları Azərbaycan elminin inkişafının təzahürü kimi qiymətləndirən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycanda müxtəlif istiqamətlər üzrə mühüm elmi nəticələrin əldə edildiyini bildirib. Akademiya rəhbəri bölmələr üzrə aparılan elmi tədqiqat işlərində ayrı-ayrı nazirliklərin və elm müəssisələrinin yaxından iştirakının zəruriliyini ifadə edib. Akademiyanın institutları arasında prioritet məsələlər və müxtəlif problemlərlə bağlı inteqrasiyanı təmin edən qrupların yaradılmalı olduğunu diqqətə çatdıran AMEA rəhbəri ölkə başçısının son çıxışlarına da toxunaraq alimlərin ölkədə aparılan sosial-iqtisadi və siyasi proseslərdə, ölkə həyatında baş verən hadisələrdə yaxından iştirak etmələrini və elmi fəaliyyətlərini bu istiqamətə yönəltmələrinin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin qurulmasının Azərbaycan elminin inkişafına töhfə olacağını da xüsusi vurğulayıb.