Əziz və hörmətli Validə xanım!
Sizi həyatınızın 75, əmək fəaliyyətinizin 50 illik yubiley tarixlərinə qədəm qoymanız münasibətilə AMEA Botanika İnstitutunun kollektivi adından səmimi qəlbdən təbrik edirik! Sizə can sağlığı, xoşbəxt və fərəhli günlərlə zəngin uzun ömür yolu, həmçinin elmi-təşkilati və pedaqoji fəaliyyətinizdə yeni-yeni nailiyyətlər qazanmanızı arzulayırıq!
Hörmətli Validə xanım, Sizin uzun illərdən bəri botanika və bitki fiziologiyasından prioritet sahələrində yeni, müasir yanaşmaların tətbiqi ilə qazandığınız uğurlar, respublikada və xarici ölkələrdə aparıcı mütəxəssis kimi tanınmanız bizim də qəlbimizi qürur və iftixar hissi ilə doldurur. Beynəlxalq elm fondunun fərdi qrantlarının mükafatçısı, bir sıra mühüm beynəlxalq layihələrin (NATO, STCU, CRDF, CEPF, İCBA, İUCN və s.) Azərbaycan üzrə uzlaşdırıcısı olaraq nüfuzlu konfrans və simpoziumlarda ölkəmizi dəfələrlə layiqincə təmsil etməniz də təqdirəlayiqdir. Sizin elmi əlaqədə olduğunuz dünya alimlərinin diqqət və marağını cəlb edən, böyük bir qisminin nüfuzlu beynəlxalq elmi dərgilərdə nəşr olunduğu 250-ə yaxın elmi əsərləriniz, monoqrafiya, kitab, müəlliflik şəhadətnamələriniz, uğurlu layihələriniz, hazırladığınız kadrlar elm aləminə verdiyiniz töhfələrdir. Çox fərəhlidir ki, əldə etdiyiniz nailiyyətlərdövlət səviyyəsində yüksək qiymətləndirilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” Ordeni ilə təltif edilmiş, AMEA Rəyasət Heyətinin Fəxri Fərmanlarına (2005, 2011, 2016), həmçinin Bakı Dövlət Universitetinin 100 illik yubiley medalına (2019) layiq görülmüsünüz.
Əziz Validə xanım! Sizin hamıya, xüsusilə özünüzə qarşı tələbkarlığınız, fikrin düzgünlüyü naminə prinsipiallığınız və obyektivliyiniz elmə əsil ziyalı münasibətinizin təzahürüdür. Bu xüsusiyyətlər Sizin eyni vaxtda xoşxasiyyət, mehriban bir kübar xanım qismində təqdimatınıza qətiyyən mane olmur. Siz istedadlı alim, qayğıkeş pedaqoq, iş başında ciddi rəhbər olduğunuz kimi, əməkdaşlarla yaxın ünsiyyətdə bir o qədər mülayim və gözəl insani keyfiyyətlərə malik rəhmdil insansınız. Siz həmçinin gənclərə hədsiz qayğı ilə yanaşan, onları düzgün istiqamətləndirən, müvəffəqiyyətlərinə, bəlkə də özlərindən daha çox sevinən bir pedaqoq kimi də diqqətəlayiqsiniz. Bütün bunlar Sizin vətənpərvərliyinizdən, millətimizin gələcəyinə laqeyd olmadığınızdan xəbər verir. Əziz və hörmətli Validə xanım! Sizi bir daha 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik, elmi uğurlar və həyatınıza sevinc gətirən yeniliklər arzulayırıq! Biz əminik ki, Siz bundan sonra da gənclik ehtirası ilə yaşayıb-yaradacaq, fədakarı olduğunuz elmin qaranlıq səhifələrini işıqlandıracaq və Azərbaycana şərəf gətirəcəksiniz!