Arxiv
AMEA Rəyasət Heyətinin iclası keçirilib
22.02.2021

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri və aidiyyatı məsələlər üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

İlk olaraq akademik Ramiz Mehdiyev AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadəyə 75 illik yubileyi, AMEA-nın müxbir üzvü İbrahim Cəfərova 65 illik yubileyi, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədova 80 illik və AMEA-nın müxbir üzvü Elşad Qurbanova 70 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib. Yubilyarları təbrik edən AMEA rəhbəri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Gündəliyə çıxarılan növbəti məsələlər – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru, Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə məktəbin banilərindən olan akademik Cəmil Əliyevin 75 illik, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, tanınmış kimyaçı alim, akademik Tofiq Nağıyevin 80 illik və Azərbaycanda iqtisadi kibernetika sahəsinin inkişafında xidmətləri olan AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 80 illik yubileylərinin qeyd olunması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılması ilə bağlı olub.

Sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan elmi tədqiqatların monitorinqi üzrə komissiyanın yaradılması barədə məsələ müzakirəyə təqdim olunub. Məsələ ilə bağlı çıxış edən akademik Ramiz Mehdiyev sosial-iqtisadi problemlərin həlli baxımından önəmli tədqiqatlar aparan bu institutun işində mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə yeni komissiyanın müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəyini, komissiyaya sədrliyin AMEA-nın I vitse-prezidenti, akademik Dilqəm Tağıyev tərəfindən həyata keçiriləcəyini diqqətə çatdırıb. AMEA-nın fəaliyyət proqramının əsasən insanların elmi yaradıcılıqlarının inkişafına istiqamətlənməli olduğunu deyən AMEA rəhbəri bildirib ki, alimlərin elmi potensialının yüksəldilməsi ilə əlaqədar əməli addımlar atılmalıdır.

İclasda AMEA-nın Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarında aparılmış yoxlamaların nəticələri barədə hazırlanan arayışı AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyətinin diqqətinə çatdırıb.

Məsələ ətrafında aparılan müzakirələrdə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, akademik Əli Abbasov və başqaları çıxış ediblər. İnstitutların fəaliyyəti AMEA-da yenidənqurma və optimallaşdırma üzrə aparılan islahatların ruhuna uyğun olaraq müsbət xarakterizə olunub. Müəssisələrin kadr və kargüzarlıqla bağlı sənədlərinin qanunvericiliyin tələblərinə, eləcə də dövlət başçısı tərəfindən qəbul olunan qərarlara müvafiq tərtib edilməsi, əmək və icra intizamının təmin edilməsi məqsədilə əməkdaşlar üçün onlayn seminarların təşkili məqsədəuyğun hesab edilib.

Sonda çıxış edən AMEA prezidenti, akademik Ramiz Mehdiyev müzakirəyə çıxarılan məsələlərə münasibət bildirərək Azərbaycan elminin nüfuzunun artırılması üçün Akademiyanın institutları ilə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən söz açıb. Buna dair xüsusi proqramların tərtib olunmasının əhəmiyyətini vurğulayan akademik müəssisələrin öz elmi prioritetlərində dünya standartlarına, müasirliyə və yeni aktual elmi istiqamətlərin seçilməsinə üstünlük verməli olduqlarını qeyd edib.