Arxiv
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının növbəti məqaləsi beynəlxalq jurnalda yayımlanmışdır
18.03.2021

AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun və GEİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasovun həm-müəllifliyi ilə hazırlanmış “Azərbaycan mənşəli bərk buğdaların sekvens əsasında genotipləşdirilməsi və pas xəstəliyinə davamlılığı” adlı məqalə Böyük Britaniyanın Bitki Fiziologiyası və Patologiyası jurnalında (İmpakt faktor-0.92) dərc olunmuşdur. Məqalədə ilk dəfə olaraq Azərbaycan mənşəli bərk buğda nümunələrinin genom verilənləri əsasında biomüxtəlifliyinin qiymətləndirilməsi, nümunələrin qonur və gövdə pası xəstəliklərinə davamlılıqlarının tədqiqi və davamlılıq genlərinin skrininqi nəticəsində əldə olunmuş elmi nəticələr işıqlandırılmışdır. Tədqiqat işinin yerinə yetirilməsində və məqalənin hazırlanmasında GEİ-nin əməkdaşları ilə yanaşı AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun, İCARDA-nın, Avstraliyanın La Trobe Universitetinin, Türkiyənin Atatürk Universitetinin, ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Bərk Buğda Genetik Tədqiqatları Bölməsinin, eləcə də Kanzas Dövlət Universiteti və Cənubi Dakota Dövlət Universitetinin əməkdaşları iştirak etmişlər.