Arxiv
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
23.04.2021

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi və Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü münasibətilə onlayn konfrans keçirilib.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq akademik Zərifə Əliyevanın həyat yolundan, dünya oftalmologiya elmi qarşısındakı xidmətlərindən danışıb. Qeyd edib ki, Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, fundamental əsərləri Azərbaycan tibb elminin nailiyyətləridir. Təsadüfi deyil ki, Zərifə Əliyevanın rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib və o, özündən sonra dəyərli məktəb qoyub gedib.

Sonra çıxış edən Milli Məclisin deputatı, professor Hicran Hüseynova Zərifə Əliyevanı boya-başa çatdığı mühit fonunda təqdim edib. Diqqətə çatdırıb ki, akademik Əziz Əliyev kimi görkəmli dövlət və ictimai xadim, elm fədaisinin ailəsində dünyaya gəlmiş Zərifə xanım atasının yolunu davam etdirib, elmi araşdırmaları, eləcə də konkret müalicə təcrübəsindən başqa əhali arasında göz xəstəlikləri ilə bağlı maarifləndirici söhbətlər aparması da xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb. Qeyd edib ki, vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, kimya və elektron sənayesində peşə fəaliyyəti ilə əlaqədar meydana çıxan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsində, eləcə də oftalmologiyanın müasir problemlərinin araşdırılması sahəsində alimin böyük xidmətləri olub. Vurğulayıb ki, görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150-yə yaxın elmi məqalənin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub.

Nəsimi rayon Ağbirçəklər Şurasının sədri, Müasir Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva akademik Zərifə Əliyevanın mənəvi xüsusiyyətlərindən söz açaraq, onu yüksək vətəndaşlıq, humanizm və qadın saflığının mücəssəməsi kimi təqdim edib. Bildirib ki, Zərifə Əliyeva müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı kimi ulu öndərə mənəvi dayaq, arxa olub.

AMEA-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova Zərifə xanımın institutdakı fəaliyyətindən söz açıb. Onun sözlərinə görə, 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti və Səhiyyə Nazirliyinin birgə qərarı ilə institutda yaradılmış Görmənin fiziologiyası laboratoriyasına akademik Zərifə Əliyeva rəhbərlik edib. Sahələrarası elmi-tədqiqat qurumu kimi fəaliyyət göstərən laboratoriya Bakı Məişət Kondisionerləri Zavodunda, kimya sənayesinin bir sıra istehsalat müəssisələrində aşağı toksik maddələrin fəhlə və qulluqçuların görmə orqanlarına təsirinin fizioloji və kliniki aspektlərini öyrənməklə məşğul olub, oftalmologiyanın bu yeni sahəsində ilklərə imza atıb. Vurğulayıb ki, hazırda institutda laboratoriyanın fəaliyyəti qismən bərpa edilib və bu sahədə yeni layihələr həyata keçirilir.

AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə isə bildirib ki, akademik Zərifə Əliyeva mənəvi kamilliyin ən uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisidir: “O, nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazıdır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq bu obrazın ən bariz xüsusiyyətləridir”.

Tədbirin sonunda akademik Zərifə Əliyevanın Fiziologiya İnstitutundakı xatirə guşəsinin ziyarət edilməsi və alimin irsinin öyrənilməsi işlərinin təkmilləşdirilməsi qərara alınıb.